Bəhreyn İrana qarşı sərt bəyanat verdi: “Suverenliyimizin müdafiəsi qırmızı xəttdir”

6 İyun 2026 11:26 (UTC+04:00)

Bəhreyn Xarici İşlər Nazirliyi İranı Bəhreyn və Küveytə qarşı yenidən raket hücumları həyata keçirməkdə ittiham edib.

Nazirliyin bəyanatına görə, şənbə günü səhər saatlarında hər iki ölkəyə doğru buraxılan yeddi ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bəhreyn tərəfi hücumları ölkələrin suverenliyinin, BMT Nizamnaməsinin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Bəyanatda qeyd olunub ki, bu addımlar Fars körfəzi regionunda təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır.

XİN həmçinin bildirib ki, hücumlar İranın “əsassız hücumlarını”, eləcə də Hörmüz boğazının bağlanması və beynəlxalq gəmiçiliyin məhdudlaşdırılması cəhdlərini pisləyən BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə də ziddir.

“Raketlər və pilotsuz uçuş aparatları ilə təhlükəsizlik qurulmur, minalar yerləşdirməklə sabitlik qorunmur”, – deyə bəyanatda vurğulanıb.

Bəhreyn İranı hücumları dərhal dayandırmağa, sülh yolunu seçməyə və Hörmüz boğazını heç bir məhdudiyyət və ya əlavə ödəniş olmadan tam şəkildə açmağa çağırıb.

Rəsmi Manama həmçinin İranı dəniz minalarının yerləşdiyi ərazilər barədə məlumat verməyə və onların zərərsizləşdirilməsi prosesində əməkdaşlıq etməyə səsləyib.

Bəyanatda qeyd olunub ki, mülki gəmilərin təhlükəsiz hərəkəti üçün humanitar dəhliz yaradılmalı, bölgədə qalan 20 mindən çox dənizçinin təhlükəsiz şəkildə öz ölkələrinə və ailələrinin yanına qayıtmasına şərait yaradılmalıdır.

Bəhreyn regionda sülh və sabitliyə sadiq qaldığını bəyan etsə də, səbrinin zəiflik kimi qiymətləndirilməməsi barədə xəbərdarlıq edib.

“Suverenliyimizin, təhlükəsizliyimizin və xalqımızın müdafiəsi qırmızı xəttdir”, – deyə bəyanatda bildirilir.

Mövsüm,

AzNews.az