Məktəbliləri daşıyan avtobus qəzaya düşdü: ölən var

6 İyun 2026 14:24 (UTC+04:00)

Gürcüstanın Qardabani bələdiyyəsində Kosalı ictimai məktəbinin şagirdlərini ekskursiyaya aparan mikroavtobus qəzaya düşüb, bir nəfər ölüb.

AzNews.az Report-a istinadla xəbər verir ki, hadisə içərisində 30 nəfərin olduğu nəqliyyat vasitəsinin yol kənarında dayandığı vaxt qeydə alınıb.

Belə ki, mikroavtobusa arxadan gələn minik avtomobili çırpılıb. Nəticədə sürücülərdən biri nəqliyyat vasitələrinin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Həlak olan şəxsin Qardabani sakini, 68 yaşlı kişi olduğu bildirilir.

Hadisə zamanı bir neçə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların dəqiq sayı və sağlamlıq vəziyyəti barədə hələ ki rəsmi məlumat açıqlanmayıb.

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.