Ermənistanda sülh prosesinə qarşı çıxanlar var

8 İyun 2026 09:18 (UTC+04:00)

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri ölkənin siyasi sistemində yeni mərhələnin formalaşdığını göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilir. İlkin nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə -" Vətəndaş Müqaviləsi" Partiyası 18 siyasi partiya arasındaüstünlük qazanaraq parlament çoxluğunu təmin edib. Ermənistanın Mərkəzi Seçki Komisiyasının verdiyi açıqlamaya əsasən bülletenlərin 56% nəticələrinə əsasən Nikol Paşinyanın partiyası liderliyi qoruyur. Bu nəticə Ermənistan cəmiyyətində son illər baş verən dəyişən ictimai-siyasi tendensiyaların və regional reallıqların təsirinin bir ifadəsi kimi dəyərləndirilir.
İlk zamanlarda qəbul etmək istəməsələrdə, sonradan Cənubi Qafqazda formalaşan yeni geosiyasi mühiti görən Ermənistan qarşısında strateji seçimlər yaradığının fərqinə vardı. . Uzun illər davam edən qarşıdurma və təcrid siyasətinin ölkəyə iqtisadi inkişaf, təhlükəsizlik və regional inteqrasiya baxımından gözlənilən nəticələri vermədiyi artıq geniş ictimai rəy tərəfindən qəbul olunan reallıq idi. Bu səbəbdən seçicilərin mühüm hissəsinin sabitlik, iqtisadi inkişaf və regional əməkdaşlıq xəttinə üstünlük verməsi siyasi baxımdan təsadüfi deyil. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılan sülh gündəliyi, sülh diplomatiyası da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müharibədən sonrakı dövrdə irəli sürdüyü normallaşma təşəbbüsləri, sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar, sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması prinsipləri, eləcə də regional kommunikasiyaların açılması ilə bağlı yanaşmalar Cənubi Qafqazda yeni siyasi reallığın əsas sütunlarını formalaşdırdı.
Müasir beynəlxalq münasibətlər sistemində logistika dəhlizləri və nəqliyyat şəbəkələri ölkələrin iqtisadi və geosiyasi çəkisini müəyyən edən əsas faktorlardan biridir. Bu gün ciddi siyasi mövqe nümayiş etdirən ölkələrin masası üzərində prioritet saydığı məsələlərdən biri də beynəlxalq logistika şəbəkələrində iştirakdır. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi xüsusi strateji əhəmiyyət daşıyır. Baxmayaraq ki, zamanında Azərbaycan prezidenti tərəfindən sülh diplomatiyasının və regionun sabitliyi, inkişafı naminə irəli sürülən bu layihə ilkin olaraq regionda maraqlı olan bir sıra ölkələr, hətta Ermənistanın siyasi elitası tərəfindən belə qıcıqla qarşılanmışdı. Uzun dannışıqlar, qiymətləndirmələr nəticəsində həm maraqlı qüvvələr, həmdə erməni elitası və ictimaiyyəti bu layihənin onlar üçün çıxış yolu olduğu qənaətinə gəldilər.
Hamiya yaxşı bəlli idi ki, bu marşrut Orta Dəhlizin əsas komponentlərindən biri kimi Asiya və Avropa arasında yükdaşımaların optimallaşdırılmasına xidmət edir. Azərbaycan üzərindən keçən nəqliyyat xətləri Mərkəzi Asiya ölkələrini, Çin bazarını və Avropa məkanını birləşdirən alternativ və rəqabətqabiliyyətli logistika xətti yaradır. Bu isə regionun qlobal iqtisadi sistemdə rolunu əhəmiyyətli dərəcədə gücləndirir.
Ermənistan üçün bu prosesdən kənarda qalmaq deyil, əksinə, onun tərkib hissəsinə çevrilmək mühüm iqtisadi imkanlar yaradır. Kommunikasiyaların açılması ölkənin tranzit potensialını reallaşdırmasına, logistika və nəqliyyat sektorunun inkişafına, investisiya axınının artmasına və iqtisadi təcridin azalmasına şərait yarada bilər. Bu, uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatının şaxələndirilməsi və xarici bazarlara çıxış imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir.
Ermənistanda seçkilərin nəticələri həm də onu göstərir ki, cəmiyyətin çox hissəsi artıq yeni regional reallıqları nəzərə alan daha praqmatik siyasi yanaşmanı dəstəkləyir. Paşinyan hökumətinin sülh prosesini davam etdirməsi və regional kommunikasiyaların açılması istiqamətində dialoqa açıq mövqe sərgiləməsi bu baxımdan seçici davranışına təsir edən amillərdən biri kimi qiymətləndirilir.
Bununla yanaşı, Ermənistanda hələ də keçmiş münaqişə dövrünün təsiri altında formalaşmış, regionda yeni siyasi reallıqları qəbul etməkdə çətinlik çəkən və sülh prosesinə qarşı çıxış edən siyasi və ideoloji qruplar mövcuddur. Bu qüvvələr uzun illər qarşıdurma siyasətindən faydalanmış ənənəvi yanaşmanı müdafiə edərək, regionda sabitlik və inteqrasiya proseslərinə müqavimət göstərirlər. Təbii ki, Paşinyan hökümətindən gözlənilən ciddi mövqe Ermənistanın gələcək inkişafı baxımından bu cür radikal yanaşmaların, siyasi təsir imkanlarının azalması və ölkənin sülh gündəliyinə daha sıx inteqrasiya olunması təmin etməkdir. Bunun üçün ilk atılacaq addımlardan biri də xaricdə fəaliyyət göstərən qeyri-qanuni nümayəndəliklərin bağlanması, sülhə kölgə salacaq, Paşinyan hökümətinin region siyasətinə mane olacaq qüvvələrin prosesdən uzaqlaşdırılmasıdır. Rəsmi Yerevan artıq digər ölkələri aslılıq siyasətindən çıxaraq, özünün müstəqil, ölkəsinin çiçəklənməsinə aparan siyasi xətti inkişaf etdirməlidir ki, bu da mütləq şəkildə regionda sülh diplomatiyasının bərqərar olması, sülh müqaviləsinin imzalanmasından keçir. Sevindirici haldır ki, uzun illər siyasi, iqtisadi cəhətdən yorulmuş, erməni xalqıda dünən keçirilən seçkilərdə Paşinyan hakimiyyətini dəstəkləməklə, regionda sülh gündəliyinin inkişafına və hüzurlu, sabit həyata səs veriblər.
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi olaraq, bizdə ilk gündən Azərbaycan və Ermənistan arasında formalaşan sülh gündəliyini dəstəkləyərək, regionda dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsini vacib hesab edirik. Düşünürük ki, davamlı sülh, iqtisadi əməkdaşlıq və kommunikasiyaların açılması Cənubi Qafqazın gələcək inkişaf modelinin əsas dayaqlarıdır.
Nəticə etibarilə, Cənubi Qafqazda sabitlik və inkişafın təmin olunmasının əsas yolu qarşıdurmadan deyil, əməkdaşlıqdan keçir. Ermənistan seçkilərinin nəticələri də bu istiqamətdə ictimai rəyin müəyyən hissəsinin transformasiya olunduğunu göstərir. Regional sülh gündəliyinin alternativinin olmaması isə həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə region üçün yeni iqtisadi və siyasi imkanlar yaradır.

Vüsalə Hüseynli