Dünən Ermənistanda parlament seçkiləri başa çatdı. Gözlənildiyi kimi, “Vətəndaş müqaviləsi” partiyası qalib gəldi. Mənim Nikol Paşinyana yanaşmamla Robert Köçəryana, Serj Sərkisyana, Samvel Karapetyana münasibətim arasında elə bir fərq yoxdur. Hamısı ermənidir. Hamısı Azərbaycana qarşı düşmənçilik ediblər. Paşinyanın indi özünü “ağıllanmış” kimi göstərməsi manevrdir. Seçkilərdə təqdim etdiyi "real Ermənistan" proqramı da onun özünün deyil. Bu proqramı ortaya qoyan Qarabağda döyüşmüş, şəhid və əlil olmuş Azərbaycan oğullarıdır. Ermənistandakı səsvermədə "1", "3", "16" saylı partiyalar deyil, "052" öz sözünü dedi.
Nikola qarşı çıxan qüvvələrə Rusiya açıq dəstək verirdi. Kreml İrəvanda revanşistləri hakimiyyəyə gətirmək istəyirdi. Ermənilərin əksəriyyəti Moskvanın nişan verdiyi partiyalara səs vermədi. Lakin tədbirli olmalıyıq.
Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, ölkədə 2 milyon yarım seçici var. Onların 40 faizindən çoxu səs verməyib. Statistika onu göstərir ki, Paşinyana verilməyən səslər verilənlərdən daha çoxdur. Deməli, sırf sosioloji baxımdan Ermənistanda hakimiyyət, hətta dövlət böhranı var. Ermənistandakı 1 milyonluq passiv elektoratı bir neçə qrupa bölmək olar:
Birinci qrup apatiya yaşayanlardır. Bu qrup hesab edir ki, onların səsi heç nəyi dəyişmir. Bu seqmentə - gənclər, - paytaxt əhalisinin bir hissəsi, - inamsız orta təbəqə nümayəndələri daxildir. Onlar mövcud hökumətə etiraz etmir, amma dəstək də vermirlər.
İkinci qrup siyasi marağı zəif olan aztəminatlı və marginal sosial qruplardır. Onların davranışı ideoloji deyil və daha çox sosial-psixoloji xarakter daşıyır.
Üçüncü qrup sistemdən narazı, amma təşkilatlanmamış seçicilərdir. Heç bir siyasi qüvvəyə inanmırlar. Əgər diqqət etdinizsə, Ermənistanda “Hamıya qarşı” Partiyası da var. Bu partiya məhz dediyim kəsimin səsini almaq istəyirdi, amma nəzərə çarpacaq dərəcədə səs almadılar.
Dördüncü qrup gizli protest elektoratıdır. Bu qrup ən müxtəlif səbəblərdən açıq siyasi mövqe bildirmir. Eyni zamanda seçkiyə getməməyi müqavimət hesab edirlər. Onlar neydana çıxmırlar, müxalif şüarları bölüşmürlər, amma hakimiyyətin narrativlərinə də inanmırlar.
Nəhayət, beşinci qrup qürbətə üz tutanlardır. Səsvermə bir daha təsdiq etdi ki, Ermənistanı müxtəlif sosial və siyasi səbəblərdən tərk etmiş 100 minlərlə şəxs var. Adları siyahıdadır, amma özləri xaricdədirlər. Rusiya onların bir qismini səsverməyə göndərmək istədi, amma plan işləmədi.
Ümumiyyətlə, iştirakçı passivliyi Ermənistan cəmiyyətinin dramatik vəziyyətinin göstəricisidir. İkinci Qarabağ savaşında ermənilər ağır psixoloji travma alıblar. Siyasi elitaya inamsızlıq dərinləşib. Bu səbəbdən əhalinin bir hissəsi seçkiləri ümumiyyətlə lüzumsuz hesab edir. Gənclər süst və depressivdirlər. Siyasətdən soyuyublar. Seçki kampaniyası ilk baxışdan sərt və emosional keçsə də, ermənilər təlaş içindədir. Cəmiyyətdə uzlaşma yoxdur. Siyasi sistem sosial enerjini özünə tam cəlb edə bilmir. Bu isə o deməkdir ki, Ermənistanda sabitlik konsensus üzərində qurulmayıb. Bu problemi bizim siyasi analitiklər ciddi təhlil etməlidir.
Hansı risklər var?
İlk növbədə, Ermənistanda dərinləşən parçalanma regionun təhlükəsizlik arxitekturasına birbaşa təsir edir. Passiv elektorat bir müddət siyasi proseslərdən uzaq qala bilər. Lakin Ermənistan ordusundakı casusların törədə biləcəyi təxribatlarla həmin kütlə bir andaca radikallaşa bilər.
Digər tərəfdən, İrəvanda qəfil sosial partlayışlar baş verə bilər. Çünki böhrana yuvarlanmış cəmiyyətlər xarici manipulyasiyalara daha açıq olurlar. Rusiya, Fransa, İran və erməni diaspor təşkilatları dinc dayanmayacaq. Nikol Paşinyanın sülh gündəlyinə bel bağlamaq bu baxımdan sadəlövhlük olar. Çünki təcrübə göstərir ki, daxili legitimliyi zəifləyən hökumətlər xarici düşmən obrazına ümid edirlər. Bu isə regionda gərginliyi yenidən yüksəldə bilər.
Bir sözlə, Azərbaycan öz qüdrətini daha da gücləndirməlidir. Obrazlı desəm, Azərbaycan “Dəmir Yumruq” Partiyası Ermənistanda ən güclü siyasi hərəkat olmaqda davam etməlidir.
Taleh ŞAHSUVARLI