Futbol tarixinin ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top” (Ballon d'Or) adətən hücumçuların, pleymeykerlərin və yarımmüdafiəçilərin üstünlük təşkil etdiyi bir mükafat kimi tanınıb.
Tarix boyu Lionel Messi, Cristiano Ronaldo, Ronaldinho və Zinedine Zidane kimi ulduzlar bu mükafata sahib olsalar da, qapıçılar üçün zirvəyə yüksəlmək demək olar ki, mümkünsüz hesab olunurdu.
Lakin futbol tarixində bu stereotipi qıran bir əfsanə var. “Qızıl top”u qazanan ilk və indiyədək yeganə qapıçı sovet futbolunun əfsanəsi Lev Yaşin olub.
1963-cü il dekabrın 17-də France Football jurnalının keçirdiyi səsvermədə Yaşin dövrünün məşhur hücumçuları Gianni Rivera və Jimmy Greavesi geridə qoyaraq Avropanın ən yaxşı futbolçusu seçilib və “Qızıl top”a layiq görülüb.
Tamamilə qara formada meydana çıxması, inanılmaz refleksləri və akrobatik qurtarışları səbəbindən o, bütün dünyada “Qara Hörümçək” ləqəbi ilə tanınıb.
Lev Yaşini digərlərindən fərqləndirən yalnız qurtardığı penaltilər deyildi. O, qapıçı mövqeyinə yeni baxış gətirən futbolçu hesab olunur.
Həmin dövrdə qapıçılar əsasən qapı xəttində dayanırdılarsa, Yaşin müdafiə arxasına atılan toplara çıxır, cərimə meydançasına tam nəzarət edir və sürətli ötürmələrlə komandasının hücumlarını başladırdı.
Məlumatlara görə, o, karyerası ərzində 150-dən çox penalti zərbəsini dəf edib və rəqib hücumçular üzərində böyük psixoloji üstünlük yaradıb.
1990-cı ildə vəfat edən Lev Yaşinin irsi futbol dünyasında yaşamaqda davam edir.
Bu gün FIFA Dünya Kubokunda turnirin ən yaxşı qapıçısına verilən mükafat və France Football tərəfindən ilin ən yaxşı qapıçısına təqdim olunan Yashin Trophy onun adını daşıyır.
Maraqlıdır ki, Gianluigi Buffon, Manuel Neuer, Iker Casillas və Oliver Kahn kimi dünya futbolunun ən böyük qapıçıları belə Lev Yaşinin 1963-cü ildə müəyyən etdiyi rekordu təkrarlaya bilməyiblər.
Mövsüm,
AzNews.az