Elmar Məmmədyarov sudanlı həmkarı ilə görüşdü - FOTO

25 Sentyabr 2013 13:12 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində sudanlı həmkarı Əli Əhməd Karti ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, E. Məmmədyarov Sudanın Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd etmişdir.

Əli Əhməd Karti Azərbaycanın Sudana verdiyi dəstəyə və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Sudanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar daim Azərbaycanın yanında olacağını deyib.

Sudan dövlətinin Azərbaycanla bütün sahələrdə, xüsusən də investisiya yatırımı sahəsində əməkdaşlığa hazır olduğunu qeyd edən sudanlı nazir, Azərbaycandan olan iş adamlarından ibarət biznes missiyasının təşviq edilməsini xahiş edib.

E. Məmmədyarov Azərbaycanın da Sudanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib və iki ölkə arasında biznes missiyalarının mübadiləsinin həyata keçirilməsini təklif edib.

AzNews.az