Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ hələlik Rusiya və ABŞ liderləri arasında Alyaskanın Ankoric şəhərində əldə olunmuş razılaşmalara qayıtmaqda maraq göstərmir.
Banqladeşin yüksək səviyyəli diplomatı Xəlilur Rəhman ilə keçirdiyi görüşdən sonra mətbuat konfransında çıxış edən Lavrov xatırladıb ki, təxminən bir il əvvəl Alyaskada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin kompromis ruhu nümayiş etdirərək ABŞ Prezidenti Donald Trampın təkliflərini qəbul etmişdi.
Lavrov ümid etdiyini bildirib ki, Qərbin əvvəllər dəstəklədiyi, lakin sonradan yerinə yetirmədiyi razılaşmaların taleyi Alyaska anlaşmasını da gözləməyəcək. Bununla belə, o vurğulayıb ki, hazırda Vaşinqton həmin razılaşmaların icrasına maraq göstərmir.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Vladimir Putin son açıqlamalarında Moskvanın Ankoric görüşündə əldə edilmiş razılaşmaları yerinə yetirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Lavrov həmçinin ABŞ dövlət katibi Marko Rubionun Konqresdə səsləndirdiyi fikirlərdən narahat olduqlarını bildirib. O qeyd edib ki, Rubio ABŞ-ın Ukraynaya dəstək verdiyi üçün vasitəçi rolunda çıxış edə bilməyəcəyini söyləyib.
Nazirin sözlərinə görə, oxşar mövqe Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas və digər Avropa rəsmiləri tərəfindən də ifadə olunub.
Mövsüm,
AzNews.az