"Bu mövzu Azərbaycan təhsil sisteminin həllini tapmayan fundamental problemlərindən biridir. Şagird mart ayında buraxılış imtahanını verir və nəticəsini görür. Qəbul üçün əsas mərhələlərdən biri artıq başa çatmış olur. Bundan sonra məktəbdə keçirilən KSQ və BSQ-lər onun qəbul balına birbaşa təsir etmir. Onlar yalnız illik qiymətə, oradan isə attestata təsir göstərir. Attestat isə qəbul prosesində çox nadir hallarda, yalnız ballar bərabər olduqda həlledici rol oynayır. Təhsil prosesinin iştirakçıları da məsələni eyni cür qiymətləndirdikləri üçün buraxılış imtahanlarından sonra məktəblərdə yaranan vəziyyətə təəccüblənməyə dəyməz. Bu, şagirdin məsuliyyətsizliyi deyil. Qurulmuş model mart ayından sonra məktəbin çəkisini azaldır".
Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.
Qeyd edək ki, buraxılış imtahanlarından sonra məktəblərdə şagird davamiyyətinin azalması və dərslərin formal xarakter alması hər il təkrarlanan problemlərdən biridir. Tədris ili başa çatmasa da, bir çox şagird üçün məktəb faktiki olaraq mart ayından sonra ikinci plana keçir. Bu isə təhsil prosesinin son aylarında məktəbin rolunun və qiymətləndirmə sisteminin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirir.
S. Əliyeva qeyd edib ki, qəbul prosesində məktəbdaxili qiymətləndirmələrin təsirinin zəif olması şagirdlərdə real motivasiya formalaşdırmır.
"Üstəlik, tədris ili rəsmi olaraq başa çatmamış bir çox məktəblərdə dərsliklərin yığılmasına başlanılır. Dərsliyi əlindən alınan şagirddən may ayında sinifdə oturub hansısa mövzuya maraq göstərməsini tələb etmək ayrıca absurddur. Bundan başqa, yuxarı sinif şagirdlərinin böyük əksəriyyəti iyul ayında keçiriləcək blok imtahanlarına hazırlaşır. Onlar məktəbdə vaxt itirməkdənsə, repetitor yanında test topluları işləməyi üstün tuturlar. Məktəb rəhbərliyi və müəllimlər də bu reallığı bildikləri üçün çox vaxt davamiyyətə göz yumurlar. Nəticədə siniflər boş qalır. Çünki məktəblərin uğuru da əsasən qəbul statistikası ilə ölçülür. Tədris ilinin sonunda sinifdə şagird sayı azaldığı üçün bir çox hallarda KSQ və BSQ-lər sadəcə jurnalları doldurmaq, sənədləşməni qaydaya salmaq məqsədi daşıyan formal xarakter alır. Müəllim şagirdin yerinə qiymət yazmağa və ya imtahan günləri şagirdləri birtəhər məktəbə gətirməyə məcbur olur. Yəni formal olaraq məktəbin fəaliyyəti kağız üzərində davam edir, amma şagirdin zehnində tədris ili artıq başa çatmış olur. Lakin məktəb summativləri qəbul balına təsir etməsə də, şagirdin attestat qiymətlərinə və onun məktəbi bitirib-bitirməməsi məsələsinə birbaşa təsir göstərir. Şagirdin attestatına yazılacaq illik qiymət onun yarımillik balları, yarımillik balları isə KSQ və BSQ-lərin nəticələri əsasında hesablanır. Məktəblərdə dövlət proqramının icra olunub-olunmadığını, şagirdin fənni mənimsəyib-mənimsəmədiyini ölçən rəsmi sənəd isə summativ qiymətləndirmələrdir. Əgər məktəb summativ keçirməsə, şagirdə rəsmi olaraq qiymət yaza və ona attestat verə bilməz. Buraxılış imtahanından sonra məktəb daxilində qiymətləndirmə keçirməyin əhəmiyyəti isə faktiki olaraq yalnız hüquqi öhdəliklə məhdudlaşır. Çünki real vəziyyət göstərir ki, biliyi ölçən əsas qurum məktəb deyil, DİM-dir".
Rəfiqə Namazəliyeva,
AzNews.az