“Kreml sülh masasında yalnız öz şərtlərinin qəbulunu istəyir” – Elçin Xalidbəyli

8 İyun 2026 18:55 (UTC+04:00)

"Əslində, Rusiya Prezidenti Volodimir Putin danışıqlara ehtiyac duyur. Kremlin verdiyi mesajlar da Moskvanın sülh danışıqlarında maraqlı olduğunu göstərir. Lakin əsas problem ondadır ki, Rusiya danışıqlar masasında yalnız öz şərtlərinin qəbul edilməsini istəyir. Moskva qarşı tərəfə, yəni Ukraynaya öz şərtlərini diktə etməyə çalışır və hesab edir ki, danışıqlar yalnız Rusiyanın müəyyən etdiyi çərçivədə aparılmalıdır. Bu yanaşmaya görə, Ukrayna həmin şərtləri qəbul etməyə məcbur olmalıdır. Rəsmi Kiyev isə tamamilə fərqli mövqedən çıxış edir. Ukrayna hesab edir ki, Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətində deyil. Əksinə, Moskva işğal etdiyi Ukrayna ərazilərindən çıxmalı və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilinə çəkilməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski keçən həftə Rusiya Prezidenti Vladimir Putinə açıq məktub ünvanlayaraq müharibənin dayandırılması məqsədilə birbaşa danışıqlara başlamağı təklif edib. Zelenski məktubunda qan tökülməsinin artıq dayanmalı olduğunu qeyd edib. Lakin sonrakı inkişaflar fonunda o, Putinin sülh danışıqlarında maraqlı olmadığını bildirib. Eyni zamanda Ukrayna lideri Rusiya prezidentinə konkret tarix müəyyənləşdirməyi və şəxsi görüş keçirməyi təklif edib.

Siyasi şərhçi qeyd edib ki, rəsmi Kiyev danışıqlar prosesinin də məhz bu prinsiplər əsasında aparılmasının tərəfdarıdır.

"Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, ölkəsinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü məsələlərində heç bir güzəştə gedilməyəcək. Bu isə o deməkdir ki, rəsmi Kiyev Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməyə hazır deyil. Məhz bu səbəbdən Kreml hazırkı mərhələdə danışıqlar masasına oturmaqda maraqlı görünmür. Rusiya Ukraynaya daha ağır zərbələr endirməklə onun müqavimətini zəiflətməyə çalışır və ümid edir ki, hərbi təzyiq artdıqca Kiyev Moskvanın şərtlərini qəbul etməyə məcbur qala bilər. Bununla yanaşı, Ukrayna da Rusiyaya ciddi zərbələr endirir və bu hücumlar Moskva üçün müəyyən sarsıdıcı təsirlər yaradır. Mövcud şəraitdə müharibə tərəflərdən birinin ciddi şəkildə zəifləyərək geri çəkilməyə məcbur qalacağı mərhələyə qədər davam edə bilər. Hazırda isə həm Rusiya, həm də Ukrayna mövqelərində israrlıdır. Bu da münaqişənin yaxın perspektivdə başa çatması ehtimalını azaldır və savaşın uzun müddət davam edə biləcəyini göstərir".

Rəfiqə Namazəliyeva,

AzNews.az