“Ermənistanda seçkilərin nəticəsi Azərbaycanın hərbi-siyasi və diplomatik uğurlarının təsdiqidir” - Nigar Məmmədova

8 İyun 2026 18:57 (UTC+04:00)

Ermənistanda keçirilən son seçkilərin nəticələri göstərdi ki, cəmiyyət regionda yaranmış yeni reallıqları daha dərindən anlamağa başlayıb və Azərbaycanla münasibətlərin normallaşdırılmasının qaçılmaz olduğunu qəbul edir. Seçkilərin nəticəsi əslində Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi ardıcıl regional siyasətin, Azərbaycanın hərbi-siyasi və diplomatik uğurlarının təsdiqidir. Çünki regionda yaranmış yeni geosiyasi vəziyyət məhz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi nəticəsində formalaşıb.

Əgər Azərbaycan işğala son qoyulması istiqamətində uğurlu hərbi, siyasi və diplomatik addımlar atmasaydı, Ermənistan siyasi elitasının gündəliyində sülh, ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional əməkdaşlıq kimi məsələlərin ön plana çıxması mümkün görünmürdü. Bu gün Ermənistan cəmiyyətində və siyasi dairələrində müşahidə olunan dəyişikliklərin əsas səbəbi də məhz yaranmış yeni reallıqlardır.

44 günlük Vətən müharibəsindən sonra diqqət çəkən əsas məqamlardan biri odur ki, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi. Rəsmi Bakı regionda uzunmüddətli sabitliyin təmin olunması üçün 5 baza prinsipindən ibarət sülh gündəliyini irəli sürdü və bu istiqamətdə ardıcıl fəaliyyət göstərdi. Aparılan danışıqlar göstərdi ki, regionda davamlı sülhün alternativi yoxdur. Vaşinqton görüşündən sonra iki ölkə sərhədində sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, kommunikasiyaların açılması, Ermənistana qarşı nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, regional tranzit imkanlarının yaradılması, iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi və qarşılıqlı etimad tədbirlərinin genişləndirilməsi istiqamətində fundamental addımlar atıldı.

Bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının təmasları, qarşılıqlı səfərlərin təşviqi, aqressiv ritorikanın azaldılması və regionda əməkdaşlıq mühitinin formalaşdırılması da sülh prosesinin vacib tərkib hissəsidir. Bu addımlar göstərir ki, Azərbaycan bölgədə qarşıdurma deyil, əməkdaşlıq və inkişaf modelini təşviq edir.

Bununla belə davamlı sülhün təmin olunması üçün Ermənistanın qarşısında hələ də mühüm vəzifələr dayanır. Azərbaycanın əsas gözləntilərindən biri artıq hüquqi əsasını itirmiş, Ermənistan ərazisində və xaricdə qondarma “Qarabağ nümayəndəlikləri”nin fəaliyyətinə son qoyulması, bütün qanunsuz siyasi strukturlar, təsisatlar və onların tör-töküntüləri tamamilə ləğv edilməsidir.

Digər mühüm məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Bunun üçün qısa müddətdə referendum keçirilərək yeni Konstitusiyanın qəbul olunması vacibdir. Bu, sülh prosesinin hüquqi əsaslarını daha da möhkəmləndirə bilər. Ümumiyyətlə, postmünaqişə reallıqları onu deməyə əsas verir ki, regionda uzunmüddətli sabitliyin təmin edilməsi yalnız qarşılıqlı ərazi bütövlüyünün tam və birmənalı şəkildə tanınması əsasında mümkündür.

Ermənistandakı seçkilər də göstərdi ki, cəmiyyət müharibə və qarşıdurma siyasətindən daha çox sülh və inkişaf perspektivlərinə üstünlük verməyə başlayıb. Bu prosesin uğurla yekunlaşması isə Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən və regionda formalaşmış yeni reallıqları tam qəbul etməsindən asılı olacaq. Bütün mübahisəli məsələlər həll edilməli, hüquqi və siyasi maneələr aradan qaldırılmalıdır. Yalnız belə olan halda Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıqdan danışmaq mümkün olacaq.

Nigar Məmmədova,

Milli Məclisin deputatı