“Paşinyanın qələbəsi Ermənistanın tam sabitləşməsi demək deyil” – Azad Məsiyev

8 İyun 2026 21:47 (UTC+04:00)

"Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ermənistanda seçki keçirilsə də, bu prosesin ətrafında ciddi suallar mövcuddur. Mənim fikrimcə, Ermənistanda hakimiyyətin əsas mənbəyi xalq deyil, ölkə üzərində təsir imkanlarına malik olan xarici güclərdir. Tarix boyu Ermənistan müxtəlif böyük dövlətlərin geosiyasi maraqlarının alətinə çevrilib. Əvvəllər bu təsir daha çox Rusiyadan gəlirdisə, hazırda Qərb, xüsusilə ABŞ və Avropa dairələrinin təsiri daha qabarıq görünür. Nikol Paşinyanın hakimiyyətə gəlişi də təsadüfi proses deyildi. Onun siyasi yüksəlişi Qərb institutlarının və müxtəlif beynəlxalq fondların dəstəyi fonunda baş verdi. Qarşıya qoyulan əsas məqsəd Rusiyanın Ermənistandakı təsirini zəiflətmək və ölkənin Qərbə inteqrasiyasını sürətləndirmək idi. Paşinyan da hakimiyyətdə olduğu müddətdə bu istiqamətdə siyasət yürüdüb. Bu gün Ermənistanın Avropa İttifaqına inteqrasiyası açıq şəkildə müzakirə olunur. Bunun növbəti mərhələsinin NATO ilə yaxınlaşma olması ehtimalı da istisna edilmir. Paşinyan hökuməti artıq Rusiyanın təsiri altında olan bəzi strukturlardan uzaqlaşmağa çalışır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini faktiki olaraq boykot etməsi və təşkilatdan çıxmaq ehtimalını gündəmdə saxlaması bunun göstəricisidir. Eyni zamanda Ermənistanın hərbi və təhlükəsizlik sisteminin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atılır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi ölkənin Qərbə inteqrasiya kursunun davam edəcəyinə dair gözləntiləri gücləndirib. Ekspertlər hesab edirlər ki, İrəvanın Moskvanın təsir dairəsindən daha da uzaqlaşması fonunda Rusiya regionda yeni tərəfdaşlıq imkanları axtara və Azərbaycanla münasibətlərin inkişafına daha çox önəm verə bilər.

Siyasi şərhçi qeyd edib ki, seçkilərin nəticələri Nikol Paşinyanın hakimiyyətdə qalmasını təmin etsə də, prosesin legitimliyi ətrafında müzakirələr və mübahisələr hələ də davam edir.

"Artıq Rusiyadan seçki prosesində pozuntuların olması ilə bağlı müəyyən siqnallar səslənir. Əgər Qərbin maraqlarına uyğun olmayan siyasi qüvvə qalib gəlsəydi, həmin seçkilərin demokratikliyi ilə bağlı fərqli yanaşmaların ortaya çıxacağı ehtimalı da istisna deyil. Hazırda Ermənistanda hansı geosiyasi qütbün təsir imkanları daha güclüdürsə, hakimiyyətin formalaşmasında da onun rolu daha böyükdür. Bu gün isə Qərbin təsiri üstünlük təşkil etdiyindən Paşinyan hakimiyyətdə qalmağı bacarıb. Bununla yanaşı, seçkinin rəsmi nəticələrinin elan olunması Ermənistanın tam sabitləşməsi demək deyil. Əgər Rusiya Paşinyanın legitimliyini tanımasa və seçkilərin nəticələrini açıq şəkildə şübhə altına alsa, ölkədə daxili siyasi qarşıdurmalar daha da dərinləşə bilər. Hətta müəyyən risk ssenarilərində ciddi daxili gərginliklərin yaranması ehtimalı da müzakirə olunur. Regiondakı proseslərə gəldikdə isə, Cənubi Qafqazda əsas geosiyasi aktorun Azərbaycan olduğunu düşünürəm. Azərbaycan qlobal güclərin maraqlarını toqquşdurmaq yox, uzlaşdırmaq siyasəti yürüdür. Ölkə həm Rusiya, həm Qərb, həm də region dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurmağa çalışır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, beynəlxalq nəqliyyat layihələrinin əsas iştirakçılarından biridir və heç bir hərbi bloka qoşulmadan müstəqil xarici siyasət kursu həyata keçirir. Orta Dəhliz, enerji kəmərləri, yaşıl enerji layihələri və kommunikasiya xətləri Azərbaycanın regiondakı strateji əhəmiyyətini artırır. Bu gün Gürcüstan və Ermənistan müxtəlif geosiyasi təzyiqlərlə üzləşdiyi halda, Azərbaycan sabitlik amili kimi çıxış edir. Məhz buna görə də iri investisiya layihələri və beynəlxalq təşəbbüslər ölkəyə yönəlir. Ermənistanın gələcəyinə gəldikdə isə, onun iqtisadi inkişafı və regional inteqrasiyası ilk növbədə qonşularla münasibətlərdən asılıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və sülh sazişinin imzalanması Ermənistan üçün yeni imkanlar yarada bilər. Lakin Paşinyanın hazırkı siyasəti, mənim fikrimcə, daha çox Qərbin geosiyasi maraqlarına xidmət edir və bu da Rusiya ilə Qərb arasında rəqabətin Ermənistan ərazisində daha da kəskinləşməsinə səbəb olur. Əgər Moskva seçkilərin nəticələrini tanımamaq xəttini seçərsə, Ermənistan daxilində siyasi vəziyyətin daha da gərginləşməsi mümkündür. Bu səbəbdən Paşinyanın seçkidə qələbə qazanması Ermənistanın tam sabitlik əldə etməsi anlamına gəlmir. Qarşıdakı dövrdə ölkədə baş verəcək proseslər daha çox böyük güclərin münasibətlərindən və Ermənistanın seçəcəyi geosiyasi kursdan asılı olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az