Barak Obama Suriyanı hədələdi- VİDEO

25 Sentyabr 2013 13:40 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama BMT-nin Baş assambleyasında çıxışı zamanı Suriya məsələsinə də toxunub.

O, ABŞ-ın Suriyadan qaçqın düşmüş insanlara 340 milyon dollar məbləğində vəsait ayrdığını qeyd edib. Çıxışı zamanı Obama bildirib ki, rəsmi Dəməşq kimyəvi silahların məhv edilməsi məsələsində əldə olunan razılaşmanı icra etməlidir. Onun sözlərinə görə, əks halda, Suriya bunun ağır nəticələri ilə qarşılaşacaq.

"Suriyada hökümətə qarşı dinc nümayişlər təzyiqlərlə və qətllərlə dağıdıldı. Hökümət insanlara qarşı kimyəvi silahlardan istifadə edən zaman mən məhdud ölçüdə raket zərbələri endirmək üçün tələblə çıxış etmişdim və fikrimdə qəti idim. Çünki bu həm Amerikanın, həm də region ölkələrinin təhlükəsizliyi baxımından vacib idi. Avqustun 21-ində törədilən kimyəvi hücumların məhz hökumət tərəfindən həyata keçirilməsi ilə bağlı kifayət qədər dəlillər var idi. İndi isə Suriyanın kimyəvi silahların məhv edilməsinə dair verdiyi vədlərin özünü doğrultması ilə bağlı qətnamə qəbul olunmalıdır".

BMT-nin baş katibi Ban Ki Mun isə bildirib ki, hazırda bütün dünyanın nəzərində olan Suriyada qətliamların davam etməsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməlidir.

"Suriyada stabillik pozulmaqda davam edir. Ötən ay burada son 25 ildə ilk dəfə insanların ölümü ilə nəticələnən kimyəvi hücumların şahidi olduq. İndi yüzlərlə suriyalı gənc nəsil qaçqın düşərgəsində qalır. Onlar beynəlxalq ictimaiyyət tərəfindən tərk olunmamalıdırlar. Suriyada müharibə davam etdiyi müddətcə kimyəvi silahların məhv edilməsi bizi məmnun edə bilməz".

Ban Ki Mun çıxışının sonunda Suriyada baş verən hadisələrə son qoymağı tələb edib.(anspress)



AzNews.az