Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür

9 İyun 2026 17:07 (UTC+04:00)

Azərbaycan sərhədlərarası ani ödənişlər sisteminin tətbiqinə hazırlaşır.

AzNews.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu qlobal transformasiyadan kənarda qalmaması üçün artıq mühüm addımlar atılır:

"Ani Ödənişlər Sisteminin inkişafı, ISO 20022 standartlarına keçid və rəqəmsal ödəniş infrastrukturunun gücləndirilməsi ölkənin yeni maliyyə ekosistemində iştirakını təmin edən möhkəm baza formalaşdırır. Bu mənada Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədlərarası ödənişlərin təşkili istiqamətində aparılan müzakirələr xüsusi əhəmiyyət daşıyır. Hazırda müxtəlif inteqrasiya modelləri və əməkdaşlıq mexanizmləri nəzərdən keçirilir. Məqsəd vətəndaşlar və biznes subyektləri üçün daha sürətli, təhlükəsiz və səmərəli beynəlxalq ödəniş imkanları yaratmaqdır. Bu təşəbbüslər regional maliyyə inteqrasiyasının dərinləşməsinə, eyni zamanda, Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin daha da inkişafına mühüm töhfə verəcək".

O vurğulayıb ki, ani və rəqəmsal ödənişlərin inkişafı artıq yeni mərhələyə qədəm qoyur:

"Bu istiqamətdə əsas strateji fokus sərhədlərarası ("cross-border") ödəniş əməliyyatlarının genişləndirilməsidir. Son illərdə qlobal ödəniş sənayesində ən mühüm tendensiyalardan biri sürətli ödəniş sistemlərinin sərhədlərarası inteqrasiyası olub. Bu istiqamət G20 ölkələrinin sərhədlərarası ödənişləri daha sürətli, daha ucuz, daha şəffaf və daha əlçatan etmək məqsədilə hazırladığı yol xəritəsinin əsas prioritetlərindən biri hesab edilir. İlkin mərhələdə ölkələr ikitərəfli əməkdaşlıq modelindən istifadə etməyə başlayıblar. Hazırda dünya daha geniş və miqyaslana bilən modelə keçid edir. "Bank for International Settlements"in irəli sürdüyü "Project Nexus" təşəbbüsü müxtəlif ölkələrin sürətli ödəniş sistemlərini vahid platforma üzərindən birləşdirməyi hədəfləyir. Bu çərçivədə Hindistan, Sinqapur, Malaziya, Tailand və Filipin artıq əməkdaşlığa başlayıb. Sistemin gələcəkdə milyonlarla istifadəçini əhatə edəcək qlobal ödəniş şəbəkəsinə çevriləcəyi gözlənilir".