Bu evlər cəmi 2 saata hazır olur

9 İyun 2026 18:05 (UTC+04:00)

Çində hazırlanmış yeni nəsil qatlanan prefabrik evlər mənzil sektorunda diqqət çəkən yeniliklərdən biri hesab olunur. İstehsalçıların təqdim etdiyi məlumata görə, bu evlər quraşdırılacağı əraziyə gətirildikdən sonra cəmi 2 saat ərzində tam yaşayışa hazır vəziyyətə gətirilə bilir. Bu texnologiya ənənəvi tikinti proseslərinə alternativ kimi təqdim olunur.

AzNews.az Musavat.com-a istinadla xəbər verir ki, layihənin əsas xüsusiyyəti evlərin tikinti meydançasında deyil, tam şəkildə zavod şəraitində hazırlanmasıdır. Qatlanan konstruksiya sayəsində evlər xüsusi mexanizmlə yığılır, daha sonra konteynerlərdə və ya yük maşınlarında daşınaraq sifariş verilən əraziyə çatdırılır. Su xətləri, elektrik kabelləri və əsas izolyasiya sistemləri istehsal mərhələsində divarların daxilinə yerləşdirilir. Bu da sonradan əlavə quraşdırma işlərinə ehtiyacı minimuma endirir.

Quraşdırma zamanı modul konstruksiya vinç vasitəsilə yerə endirilir və açılma mexanizmi işə salınır. Nəticədə divarlar, dam örtüyü və döşəmə qısa müddətdə formalaşır. Bir neçə nəfərlik montaj qrupu xüsusi bərkitmə sistemlərini quraşdıraraq evi istifadəyə hazır vəziyyətə gətirir. Bütün proses təxminən iki saat davam edir.

İstehsalçılar bildirirlər ki, bu evlər yalnız müvəqqəti sığınacaq kimi deyil, uzunmüddətli yaşayış üçün də nəzərdə tutulub. Polad karkas konstruksiya sayəsində tikilinin zəlzələlərə qarşı daha elastik olduğu, yüksək sıxlıqlı izolyasiya panellərinin isə istilik və səs izolyasiyasını təmin etdiyi qeyd edilir.

Mütəxəssislərin fikrincə, sürətli quraşdırma imkanı, daşına bilməsi və zavod şəraitində istehsal olunması bu tip evləri həm mənzil çatışmazlığı yaşayan bölgələr, həm də fövqəladə hallar zamanı istifadə üçün perspektivli həllə çevirə bilər