"Siyasi və hərbi gərginliklər dolların dəyərini artırır" — Akif Nəsirli

9 İyun 2026 18:58 (UTC+04:00)

"Qlobal maliyyə bazarlarında ABŞ dollarının məzənnəsində baş verən dəyişikliklərin əsas səbəbləri ilk növbədə ABŞ iqtisadiyyatındakı göstəricilər və Federal Ehtiyat Sisteminin (FED) həyata keçirdiyi pul siyasəti ilə əlaqəlidir. İnflyasiya səviyyəsi, məşğulluq göstəriciləri, ÜDM-in artım tempi və istehlak xərcləri dolların məzənnəsinə birbaşa təsir edən əsas amillər sırasındadır. İqtisadi fəallıq artdıqda və inflyasiya yüksəldikdə, FED adətən faiz dərəcələrini artırmağa üstünlük verir ki, bu da dolların beynəlxalq maliyyə bazarlarındakı cəlbediciliyini gücləndirir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, qlobal maliyyə bazarlarında, xüsusilə ABŞ dollarının məzənnəsində müşahidə olunan dəyişikliklər dünya iqtisadiyyatının əsas müzakirə mövzularından biri olaraq qalır. Geosiyasi proseslər, mərkəzi bankların qərarları və xammal bazarlarındakı qeyri-müəyyənliklər valyuta bazarlarına təsir göstərir. İdxalın mühüm paya malik olduğu Azərbaycanda isə bu dəyişikliklər daxili bazarda qiymətlərə və iqtisadi aktivliyə birbaşa təsir edə bildiyindən diqqətlə izlənilir.

A. Nəsirlinin sözlərinə görə, dolların məzənnəsinin formalaşmasına təsir edən əsas amillərdən biri də geosiyasi risklərdir.

"Dünyada siyasi və hərbi gərginliklər artdıqda investorlar daha etibarlı aktivlərə üz tuturlar və bu zaman dollar təhlükəsiz liman kimi ön plana çıxır. Nəticədə ABŞ valyutasına tələbat artır və onun dəyəri yüksəlir. Bununla yanaşı, xammal bazarlarında, xüsusilə neft və qızılın qiymətində müşahidə olunan dəyişikliklər də valyuta bazarına dolayı təsir göstərir. FED-in faiz siyasəti dolların güclənməsi və ya zəifləməsini müəyyən edən əsas mexanizmlərdən biri hesab olunur. Faiz dərəcələri yüksəldikdə ABŞ maliyyə alətləri daha yüksək gəlirlilik təklif edir və bu, xarici investorların kapitalını dollar aktivlərinə yönəldir. Belə şəraitdə dollar möhkəmlənir. Əksinə, faizlərin aşağı salınması və ya yumşaq pul siyasətinin tətbiqi dolların cəlbediciliyini azaldır və onun məzənnəsinin zəifləməsinə səbəb ola bilər. Bu prosesdə bazar iştirakçılarının gözləntiləri də mühüm rol oynayır. İnvestorlar yalnız mövcud qərarları deyil, həm də FED-in gələcək addımları ilə bağlı verdiyi siqnalları diqqətlə izləyərək qiymətləndirirlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az