"Ermənistanda siyasi gərginlik tam aradan qalxmayıb" — Mübariz Göyüşlü

9 İyun 2026 19:07 (UTC+04:00)

"Ermənistanda keçirilən parlament seçkiləri ölkənin gələcəyi ilə bağlı müxtəlif fikirlər doğurur və siyasi proseslərin inkişafı hələ də tam aydın konturlar almır. Bəzi siyasi şərhçilər bu seçkilərin nəticələrinə ehtiyatla yanaşır və Ermənistan cəmiyyətində siyasi institutların formalaşma prosesinin mürəkkəb olduğunu qeyd edirlər. Hazırkı baş nazir Nikol Paşinyanın seçkidən sonra verdiyi açıqlamalar əsasən islahatlara və optimist mesajlara yönəlib. Bununla belə, ölkə daxilində siyasi gərginliyin tam aradan qalxmadığı və müxtəlif mövqelərin mövcud olduğu bildirilir. Konstitusiya islahatları məsələsi də gündəmdə qalmaqda davam edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Ermənistanda seçki marafonu başa çatıb, səslər hesablanıb və parlamentdə yeni mandat bölgüsü formalaşıb. Bununla belə, ölkədə siyasi gərginlik hələ də tam səngiməyib. Hazırda əsas gündəm Konstitusiya islahatlarıdır. Hakimiyyət diqqətini əsas qanunun dəyişdirilməsinə və ya yeni Konstitusiyanın qəbuluna yönəldib. Bu proses həm daxili idarəetmənin yenilənməsi, həm də regionda sülh və beynəlxalq öhdəliklər baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Xüsusilə Konstitusiyada qonşu ölkələrə qarşı iddialarla bağlı müddəalar və Müstəqillik Bəyannaməsinə istinadların taleyi ciddi müzakirə mövzusudur. Yeni parlament tərkibi islahatlar üçün imkan yaratsa da, referendum mərhələsi prosesi daha həssas və riskli edir.

Siyasi şərhçinin sözlərinə görə, parlamentdə kifayət qədər səs çoxluğunun olmaması bu məsələnin referendum vasitəsilə həllini gündəmə gətirir ki, bu da siyasi baxımdan əlavə çətinliklər yarada bilər.

"Eyni zamanda regionda davam edən geosiyasi proseslər, kommunikasiya xətləri və təhlükəsizlik məsələləri Ermənistanın siyasi gündəmini formalaşdıran əsas amillər sırasındadır. Bu kontekstdə tərəflər arasında fərqli yanaşmaların mövcudluğu müşahidə olunur. Ümumilikdə, seçkilərdən sonra Ermənistanın siyasi gələcəyi ilə bağlı yekdil və optimist proqnozlar vermək çətindir. Proseslərin inkişafı həm daxili siyasi dinamika, həm də regional şərtlərdən asılı olaraq dəyişməkdə davam edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az