"Sosial şəbəkələrdə və ümumilikdə mediada kollektiv qəzəb reaksiyalarının formalaşması təsadüfi deyil. Bu, həm fərdi düşüncənin kollektiv ifadə forması, həm də ictimai şüurun spesifik təzahürü kimi qiymətləndirilə bilər. Yəni, müəyyən bir hadisəyə çoxluğun emosional, xüsusilə də kəskin qəzəb reaksiyası verməsi təkcə fərdi emosiyaların deyil, sosial mühitin yaratdığı ümumi təsirin nəticəsidir. Sosial şəbəkələr bu prosesdə mühüm rol oynayır. Platformaların alqoritmləri emosional və kəskin məzmunu daha çox önə çıxardığı üçün qəzəb xarakterli reaksiyalar daha sürətlə yayılır və normallaşır. Bu isə bəzən insanların konteksti tam anlamadan, yalnız başlıqlara və ya qısa paylaşımlara əsaslanaraq sərt reaksiyalar verməsinə səbəb olur".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Xatırladaq ki, rəqəmsal kommunikasiya texnologiyalarının inkişafı sosial şəbəkələri insanların fikir və məlumat paylaşdığı əsas müzakirə məkanına çevirib. Lakin bu platformaların geniş yayılması ilə yanaşı, son illərdə kütləvi qınaq və linç xarakterli reaksiyaların artması da müşahidə olunur. Belə mühitdə hər hansı bir fikir, paylaşım və ya mövqe çox qısa müddətdə böyük auditoriyaya çatır və kütləvi reaksiyalar doğura bilir. Bəzi hallarda bu reaksiyalar emosional sərtlik, təhqir və şəxsi hücumlarla müşayiət olunur. Nəticədə fərqli fikrə malik olan şəxslər sosial təzyiq və nüfuz itirmək qorxusu səbəbindən öz mövqelərini açıq ifadə etməkdə tərəddüd edirlər. Bu isə ictimai müzakirələrdə fikir müxtəlifliyinin zəifləməsinə və ifadə azadlığının məhdudlaşmasına gətirib çıxara bilər.
Sosioloq qeyd edib ki, nəticədə qəzəb konkret ünvan tapmır və çox vaxt yanlış hədəfə yönəlir.
"Sosial psixologiyada bu hal konformizm və qrup təzyiqi kimi izah olunur. Fərdi halda daha ehtiyatlı və sakit davranan insanlar sosial şəbəkə mühitində daha radikal və sərt mövqe sərgiləyə bilirlər. Bu isə qəzəbin idarə oluna bilən, lakin eyni zamanda asanlıqla yönləndirilən bir emosional davranışa çevrildiyini göstərir. Digər tərəfdən, bu mühitdə “səssizlik spiralı” effekti də müşahidə olunur. Yəni, fərqli fikrə sahib olan şəxslər kütləvi reaksiyalardan çəkinərək fikirlərini ifadə etməməyə üstünlük verə bilirlər. Bu isə ictimai debatların keyfiyyətinə və fikir müxtəlifliyinə mənfi təsir göstərir. Kollektiv qınaq və ictimai tənqid bəzən zəruri sosial nəzarət mexanizmi rolunu oynasa da, onun ifrat forması – xüsusilə rəqəmsal linç kampaniyaları – ifadə azadlığı üçün ciddi risklər yaradır. Belə hallarda fərdlərin və ya qrupların nüfuzuna zərər vurula, hətta peşəkar fəaliyyətləri hədəfə alına bilər. Nəticə etibarilə, sosial mediada kollektiv qəzəb dalğalarının artması həm ifadə azadlığı, həm də sosial məsuliyyət baxımından balanslı yanaşma tələb edir. İctimai müzakirələrdə emosional reaksiyaların deyil, daha çox faktlara əsaslanan və rasional qiymətləndirmələrin ön plana çıxması sosial mühitin sağlamlığı üçün vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az