Türkiyədə tanınmış modelyer evində ölü tapılıb

10 İyun 2026 00:17 (UTC+04:00)

Türkiyənin Manisa vilayətinin Şehzadeler rayonunun 2-ci Anafartalar məhəlləsində yaşayan modelyer Bayram Taner Güzəlin mənzilindən yayılan kəskin qoxu bina sakinlərini narahat edib.

Vəziyyətdən şübhələnən sakinlər aidiyyəti qurumlara məlumat veriblər. Mənzilin “zibil ev” ola biləcəyi ehtimalı ilə bələdiyyə əməkdaşları polis və yanğınsöndürmə xidmətinə müraciət ediblər.

Mənzildə meyit aşkarlanıb

Prokurorluğun icazəsindən sonra yanğınsöndürənlər mənzilin qapısını sındıraraq içəri daxil olublar.

Əraziyə gələn əməkdaşlar evdə zibil yığınları ilə qarşılaşacaqlarını gözləsələr də, mənzildə 80 yaşlı Bayram Taner Güzəlin cansız bədənini aşkar ediblər.

Təxminən 10 gün əvvəl vəfat etdiyi ehtimal olunur

Hadisə yerinə çağırılan tibb işçilərinin ilkin rəyinə görə, meyitin vəziyyəti və qoxunun yayılması onun təxminən 10 gün əvvəl vəfat etdiyini göstərir.

Bayram Taner Güzəlin cənazəsi ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağlı polis tərəfindən araşdırma başlanılıb.

Mövsüm,

AzNews.az