ABŞ Müdafiə Nazirliyi (Pentaqon) milli təhlükəsizliyə təhdid yaratdığı hesab edilən şirkətlərin yer aldığı “qara siyahı”nı yeniləyərək 188 Çin şirkətini Çin ordusu ilə əlaqəli qurumlar kimi siyahıya daxil edib.

“1260H Bölməsi” kimi tanınan siyahıya son əlavə edilən şirkətlər arasında elektrik avtomobilləri istehsalçısı BYD və texnologiya nəhəngi Alibaba da var.
Qeyd olunur ki, BYD son dövrlərdə satış həcminə görə ABŞ-ın Tesla şirkətini geridə qoyaraq dünyanın ən çox elektrik avtomobili satan istehsalçısına çevrilib.
Bu addım Vaşinqton və Pekin arasında ticarət gərginliyini daha da artırmaq potensialına malikdir.
Pentaqonun açıqladığı siyahı ABŞ şirkətlərini və dövlət qurumlarını həmin Çin şirkətləri ilə əməkdaşlığın mümkün riskləri barədə xəbərdar etmək məqsədi daşıyır.
Siyahıya daxil edilmək hazırda birbaşa iqtisadi sanksiya demək olmasa da, ekspertlər bunun şirkətlərin beynəlxalq nüfuzuna və kommersiya əlaqələrinə ciddi təsir göstərə biləcəyini bildirirlər.
Siyahıda yer alan şirkətlərin əksəriyyəti süni intellekt, yüksək texnologiyalar və elektrik avtomobilləri kimi strateji sahələrdə ABŞ şirkətləri ilə rəqabət aparır.
Qərardan sonra Çin şirkətləri sərt reaksiya veriblər.
Alibaba rəhbərliyi şirkətin Çin ordusu və ya hər hansı hərbi strategiya ilə əlaqəsinin olmadığını bildirərək qərara qarşı bütün hüquqi vasitələrdən istifadə edəcəyini açıqlayıb.

Digər texnologiya şirkəti Baidu isə siyahıya salınmasını əsassız adlandıraraq adının siyahıdan çıxarılması üçün bütün imkanları nəzərdən keçirəcəyini bəyan edib.
Siyahıda həmçinin elektrik avtomobili istehsalçısı Nio, təyyarə istehsalçısı COMAC, eləcə də daha əvvəl əlavə edilmiş Huawei, Tencent və DJI kimi şirkətlər də yer almaqda davam edir.
Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ın qərarını ayrı-seçkilik kimi qiymətləndirərək Çin şirkətlərinin fəaliyyət göstərdikləri ölkələrin qanunlarına tam əməl etdiklərini bildirib.
Siyasi müşahidəçilərin fikrincə, Pekin bu addımı iqtisadi təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirə bilər.
Ekspertlər hesab edirlər ki, Çin cavab olaraq oxşar siyahı hazırlaya, Amerika şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edə və ya diplomatik müstəvidə daha sərt tədbirlərə əl ata bilər.
Mövsüm,
AzNews.az