“Daha çox qol vura bilərdik” - Ayxan Abbasov

10 İyun 2026 01:03 (UTC+04:00)

“Futbolçulara minnətdaram. İlk yoxlama matçındakı məğlubiyyətdən sonra bu görüşdə qələbə qazanmaq istəyirdik”.

AzNews.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Ayxan Abbasov San Marinoya qarşı keçirilən yoxlama matçından sonra deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: “Millətlər Liqası öncə bütün futbolçuları iş başında görmək istəyirdik. Heyətdə müəyyən rotasiyalar etdik. Yenə də əsas problem yaratdığımız qol epizodlarından lazımınca yararlanmamaqdır. Bu, bizim əsas problemimizdir. Standart vəziyyətdən qol buraxdıq. Bu da çatışmazlıqlarımızdan biridir. Ümumilikdə oyunun tempi normal idi. İlk dəfə bu heyətlə oynayırdıq. Qalib gəlmək istəyirdik. Matçın sonlarında hakim hər xırda fola reaksiya verirdi. Bu da rəqibə sərf edirdi. Qarşıdan Millətlər Liqasının oyunları gəlir. Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir”.

Millimizin baş məşqçisi Renat Dadaşovun çıxışını belə dəyərləndirib: “Ona görə şadam. Renat millinin ən yaxşılarından biridir. Lakin klubunda son mövsümdə az oynayıb. Daha çox qol vura bilərdik. Çox qol epizodu yararmağımız sevindirici məqamdır”.

A.Abbasov bəzi futbolçuların çıxışına da toxunub: “Həm Mahir Emreli, həm də Nəriman Axundzadə ilə fərdi söhbətlərimiz olub. İndi Nəriman başqa cür hazırlaşır. Onun üçün heç də asan deyil. Klubunda əsas heyətdə özünə yer təmin etmək istəyir. Lakin MLS-də bu, heç də asan deyil. Bizim çempionatdan fərqli olaraq orada zəifsənsə, oynamırsan. Mahir də düşünməlidir. Bir mövsümü də boşa versə... Bəhlul Mustafazadənin qayıdışı ilə müdafiə xəttimiz güclənib. Rəhim Sadıqov da millinin aparıcı futbolçularından birinə çevrilə bilər. Çünki klubunda daim oynayır”.

Mütəxəssis millidəki nizam-intizamla bağlı sualı da cavablandırıb: “Emil Səfərov klubunda da təkbətək mübarizələrdə aqressiv oynayır. Amma təbii ki, soyuqanlı olmaq lazımdır. Bəzi futbolçular sarı vərəqə almağı xoşlayırlar. Adrenalin yüksək idi. Bu gün Rza Cəfərova da şans vermək istərdik. Lakin oyunun gedişatı buna imkan vermədi”.