Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirən şəxsə HÖKM OXUNDU

10 İyun 2026 13:19 (UTC+04:00)

Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il iyul ayında Daşkəsən rayonunda baş verib. 20 yaşlı Elçin İsmayılovla dostu 21 yaşlı İlkin Məmmədov arasında mübahisə baş verib. Mübahisə nəticəsində Elçin İsmayılov İlkin Məmmədova bıçaqla bir neçə dəfə zərbə endirib. İlkin Məmmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən Elçin İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.