Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərin və Avrasiya inteqrasiya strukturlarında iştirakın davam etdirilməsinə ciddi dəstək olduğunu bildirib.
AzNews.az xəbər verir ki, o bu barədə “Sputnik Radio”ya müsahibəsində danışıb.
Zaxarovanın sözlərinə görə, Avrasiya inteqrasiya birlikləri çərçivəsində əməkdaşlıq Ermənistana “boş vədlər”dən fərqli olaraq real və hiss olunan faydalar gətirir.
“Ermənistan cəmiyyətində Rusiya-Ermənistan münasibətlərinin mütərəqqi inkişafına və Ermənistanın real, hiss olunacaq fayda verən Avrasiya inteqrasiya strukturlarında davamlı iştirakına açıq tələbat var”, – deyə Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərə dəstək bu əməkdaşlığın praktik nəticələrinin cəmiyyət tərəfindən dərk olunmasına əsaslanır.
Diplomatın sözlərinə görə, bu yanaşma siyasi manipulyasiyalardan deyil, konkret əməkdaşlığın real nəticələrindən qaynaqlanır.
“İnsanlar bu nəticələri görür, qiymətləndirir və münasibətlərin daha da inkişafını dəstəkləyirlər”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Kreml bundan əvvəl Ermənistanın Avropa İttifaqına inteqrasiya ilə bağlı istəklərinin onun suveren hüququ olduğunu bildirsə də, bunun Avrasiya İqtisadi İttifaqı (AİB) çərçivəsində öhdəliklərə zidd olmamalı olduğunu vurğulamışdı.