İran Prezidenti Məsud Pezeşkian çərşənbə günü bildirib ki, ölkənin ali rəhbərliyinin siyasəti region dövlətlərini ABŞ və İsraildən uzaqlaşdırmağa yönəlib.
AzNews.az xəbər verir ki, Pezeşkian bu barədə çıxışında danışıb.
Onun sözlərinə görə, İranın düşmənləri ərəb və müsəlman ölkələrini Tehrana qarşı səfərbər etməyə çalışsa da, bu cəhdlər uğursuz olub.
“Bu gün həyata keçirilən və əziz liderimizin izlədiyi siyasət bu planı da alt-üst edir, beləliklə, regional ölkələr ABŞ və İsraildən uzaqlaşır və bu proses irəliləyir”, – deyə o bildirib.
Pezeşkian qeyd edib ki, son bir il yarım ərzində Ali Rəhbərlə hər həftə mütəmadi görüşlər keçirilib və siyasi koordinasiya davam etdirilir.
Prezident həmçinin bildirib ki, İranın düşmənləri ölkə daxilində parçalanma yaratmağa çalışır, lakin bu cəhdlərin qarşısı alınır.
Onun sözlərinə görə, heç bir ölkə təhdid və ya hərbi güc vasitəsilə təslim olmağa məcbur edilə bilməz.
Pezeşkian çıxışı zamanı əlavə edib ki, düşmən qüvvələrin İranın hərbi rəhbərlərinə və rəsmilərinə qarşı həyata keçirdiyi əməliyyatlar qəbuledilməzdir və bu cür addımlar regionda gərginliyi artırır.