“Pensiyaların gecikdirilməsi məqsədli şəkildə edilir” - Üzeyir Cəfərovdan sərt İTTİHAM

10 İyun 2026 16:11 (UTC+04:00)

"Pensiyaların hər bölgədə ayrı vaxtlarda verilməsi ilə bağlı mən bir neçə il əvvəl rəsmi qaydada Baş Prokurorluğa müraciət etmişəm. Baş Prokurorluq da müraciətimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərib. Sonuncu dəfə Baş Prokurorluqda olanda yenidən müraciət etdim ki, niyə vətəndaşın ərizəsinə belə laqeyd münasibət göstərilir və cavab verilmir? Mənə bildirildi ki, məsələ nəzarətə götürüləcək. Hətta Baş Prokurorluğun general rütbəli əməkdaşlarından biri dedi ki, bu iş araşdırılacaq. Amma təəssüf ki, bu günə qədər həmin ərizəyə cavab verilməyib. Mən əminəm ki, o ərizə nə vaxtsa ortaya çıxacaq. Bəlkə də hansısa araşdırma və ya cinayət işi çərçivəsində ona baxılacaq. Çünki məsələ kifayət qədər ciddidir".

AzNews.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a pensiyalarla bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi. Ekspert problemin nə olduğundan da bəhs etdi:

"Məsələ budur ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə pensiyalarla bağlı qrafik tətbiq edib. Əvvəllər belə qrafik yox idi. Pensiyalar üçün Maliyyə Nazirliyindən vəsait ayrılırdı, güc strukturları da həm öz əməkdaşlarının maaşını, həm də ehtiyatda və istefada olanların pensiyalarını həmin gün köçürürdülər. İndi isə Dövlət Sosial Müdafiə Fondu gəlir əldə etmək üçün pensiyaları qrafik əsasında verir. Baxın, bu gün iyun ayının 10-dur. Bakı, Abşeron və Sumqayıt üzrə pensiyaların ayın 12-də veriləcəyi elan olunub. Rayonlar, şəhərlər və xüsusi şərtlərlə pensiya alanlar üzrə isə ayın 20-si, 21-i, 22-si nə vaxt istəsələr, o vaxta planlaşdırırlar. Problem nədir? Pensiyalar gecikdirilməklə söhbət milyardlarla vəsaitdən gedir. Çünki güc strukturlarında xidmət etmiş şəxslərin pensiyaları yüksək olur. Tutaq ki, 100 min hərbçi var, onların hərəsi 1000, 2000, 3000 manat pensiya alır. Prokurorluq əməkdaşları var ki, 4000-5000 manat, hakimlər var ki, 6000-7000 manat pensiya alırlar. Nə demək istəyirəm? Bu pensiyalar məqsədli şəkildə gecikdirilir. Halbuki həmin vəsaitlər hər ilin dekabrında dövlət büdcəsi təsdiq olunanda artıq nəzərdə tutulur. O pullar büdcədə var. Biz əməkçi deyilik ki, hesablasınlar neçə gün işə getmişik, neçə gün getməmişik, nə iş görmüşük, nə görməmişik. Pensiya stabil məbləğdir. Hər ayın 1-də, maksimum 2-də verilməlidir ki, insan ayını planlaşdıra bilsin, öz ehtiyaclarını ödəsin. Çünki o pensiya artıq onun qazandığı puldur.

Siz maaş alırsınız, pulunuzu kassada və ya evdə saxlayırsınız, sonra ehtiyacınız olanda götürüb ayaqqabı alırsınız, yemək alırsınız. Çünki o sizin pulunuzdur. Bunlar isə illərdir bu hoqqanı çıxarırlar ki, guya qrafik tətbiq olunmalıdır. Qrafik nədən ötrüdür? Mən başa düşmürəm. XXI əsrdə, kompüter dövründə nə qrafik? Əgər mən stabil pensiya alıramsa, niyə mənim pensiyam 20 gün gecikdirilməlidir? Pul yoxdur? Azərbaycanda kifayət qədər pul kütləsi var. Sadəcə, pensiyaları gecikdirməklə bəzi banklar, özü də guya tender yolu ilə seçilən banklar, bundan faydalanırlar. Çox ciddi məsələlər var. Dövlət Təhlükəsizliyi Xidməti bunu araşdırsa, özü də görər ki, bəzi maraqlı şəxslər pensiyaların gecikdirilməsində banklarla əlbirdirlər və müəyyən maraqlarını təmin edirlər. Azərbaycan vətəndaşlarının böyük hissəsi banklardan yüksək faizlə kredit götürür. Kredit götürəndə hesablayır ki, məsələn, ayın 10-da ödəniş etməlidir. Dövlət Sosial Müdafiə Fondu pensiyanı gecikdirəndə isə avtomatik cəriməyə düşür və əlavə faiz ödəyir. Təsəvvür edin, 100 min adamın 50 minindən müxtəlif məbləğlərdə əlavə faiz tutulanda hansı rəqəm ortaya çıxır. Təsəvvür edin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları deyirlər ki, ay hələ başa çatmayıb, biz sizin pensiyanızı vaxtından əvvəl veririk. Bu savadsız yığnaq başa düşmür ki, o pensiya mənimdir. Bu ayın pensiyasını sən mənə gec verə bilməzsən. Bir ay gecikdirməklə böyük məbləğlər dövr edir. Mən bunun mexanizmini çox yaxşı bilirəm. Bir vaxtlar Səlim Müslümov da belə oyunlar çıxarırdı, sonra ilişdi. İndi kimin başında çatlayacaq, onu da görəcəyik".

Müsahibimiz bir daha təkrarlıdı ki, heç kimin pensiyaçının pensiyasını gecikdirməyə ixtiyarı yoxdur:

"Çünki o pensiya onun dərman puludur, qidasıdır, sağlamlığı ilə bağlı xərcləridir. Həmin vəsaiti gecikdirmək özü cinayətdir. Nə qrafik? Başa düşmürəm. Özünüz özünüzə sual verin. Bir də görün nə deyirlər. Deyirlər ki, biz vergilərdən yığılan pullarla pensiyaları ödəyirik. Adama deyərlər, vergi yığılmasa pul yoxdur? Mərkəzi Bankın ehtiyatlarında milyardlarla vəsait var. Pensiyanı ver, sonra vergini yığ. Niyə vətəndaş bundan əziyyət çəkməlidir? Sadəcə işi düzgün təşkil etmək istəmirlər. Mən bu məsələyə toxunmuşam və yenə də toxunacağam. Bu məsələ həll olunana qədər də danışacağam. Mənə deyirlər ki, hamıdan çox sənə lazımdır? Deyirəm ki, əgər efirlərə çıxıramsa, mətbuatla təmasdayamsa, bunu deməliyəm ki, bunlar düşünməsinlər, biz onların düşündüyü qədər bisavadıq. Əksinə, bisavad olan elə özləridir. Pensiyanın nə olduğunu bilmirlər. Biri İngiltərədə oxuyub, biri İsveçrədə, biri Amerikada oxuyub, özünü ağıllı hesab edir. Xeyr. Əvvəl pensiya sözünün, təqaüd anlayışının mənasını öyrən, sonra gəl idarə rəisi ol, fond rəhbəri ol, yaxud nazir ol.

Mən bilirəm, bunların hamısı Sahil Babayevin qoyduğu qaydalardır. O, nazir olanda bu sistemi qurub və kimlərisə inandırıb ki, buradan yaxşı gəlir əldə etmək olar. Bir ölkənin maliyyə naziri və ya Dövlət Sosial Müdafiə Fondunun rəhbəri çıxıb fəxrlə deyir ki, biz büdcəyə bu qədər qənaət etmişik. Dünyada belə qurumlar hökumətlə mübahisə edirlər ki, mənə əlavə vəsait verin, insanlara daha yaxşı xidmət göstərim, yeni layihələr həyata keçirim. Bunlar isə çıxıb deyirlər ki, filankəsin pensiyasını kəsdim, filankəsinkini dayandırdım. Sən kimsən ki, insanların pensiyasını dayandırırsan? Əvvəl məsələni araşdır, sübut et ki, həmin pensiya qanunsuz təyin olunub, sonra tədbir gör. Yoxsa əvvəl pensiyanı dayandırırlar, sonra illərlə araşdırma aparırlar. İnsanlar da borca girir, bəziləri özünə qəsd edir, bəziləri isə müxtəlif problemlərlə baş-başa qalır".