"Ermənistan hakimiyyətinin konstitusiya məsələsini yenidən gündəmə gətirməsi gözlənilən idi. Çünki həm Azərbaycanda, həm də regionda ümumi gözlənti ondan ibarət idi ki, Ermənistanda parlament seçkiləri keçirilsin, siyasi vəziyyət müəyyənləşsin və daha sonra yeni konstitusiya ilə bağlı referendum məsələsi gündəmə gəlsin. Bu, vacib və qaçılmaz bir proses kimi qiymətləndirilir. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün həmin ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zəruri hesab olunur. Konstitusiya dəyişiklikləri isə yalnız referendum yolu ilə mümkündür".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Ermənistanda yeni konstitusiya layihəsi ölkənin siyasi gündəmində yenidən əsas müzakirə mövzularından birinə çevrilib. Rəsmi məlumatlara görə, sənədin ictimaiyyətə təqdim edilib-edilməyəcəyi ilə bağlı qərarın yaxın həftələrdə verilməsi nəzərdə tutulur. Məlumata əsasən, layihə bir sıra ilkin müzakirələrdən keçsə də, yekun variantın hazırlanması üçün əlavə rəylərin toplanması və geniş məsləhətləşmələrin aparılması zəruri hesab olunur. Konstitusiya islahatları prosesi həm ölkədaxili siyasi dinamika, həm də regional proseslər baxımından diqqət mərkəzində qalmaqda davam edir.
Siyasi şərhçinin sözlərinə görə, bu baxımdan məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil, prosesin məntiqi davamı kimi qiymətləndirilir.
"Regionda, o cümlədən Türkiyədə də bu proses diqqətlə izlənilir. Çünki konstitusiya dəyişikliyi məsələsinin Türkiyə ilə də birbaşa əlaqəsi olduğu bildirilir. Ümumilikdə gözlənti ondan ibarətdir ki, Ermənistan yeni konstitusiya qəbul edərək həm Azərbaycan, həm də Türkiyəyə qarşı ərazi iddialarından imtina etsin. Belə bir dəyişiklikdən sonra sülh müqaviləsinin yekun sənəd kimi imzalanması mümkün ola bilər. Ötən il avqustun 8-də ABŞ-da paraflanmış və razılaşdırılmış sülh sazişinin tam imzalanması da Ermənistan konstitusiyasında dəyişikliklərdən sonra reallaşa bilər. Eyni zamanda, Paşinyan və komandası da prosesin yekunlaşması üçün konstitusiya referendumunun vacibliyini anlayır. Lakin bu istiqamətdə müəyyən çətinliklər mövcuddur. Seçki nəticələrinə əsasən, hakim komanda parlamentdə üstünlük qazansa da, konstitusiya dəyişikliyi üçün tələb olunan üçdə iki səs çoxluğunu təmin etməyib. Bununla belə, yeni parlamentin fəaliyyəti dövründə əlavə siyasi manevrlərlə və ya bəzi deputatların dəstəyinin qazanılması ilə referenduma gedilməsi ehtimalı istisna edilmir. Digər alternativ isə vətəndaş təşəbbüsü ilə imza toplanması və referendum tələbinin irəli sürülməsidir. Məlumata görə, bunun üçün təxminən 300 min imza tələb oluna bilər. Ən çətin ssenari isə parlamentdə razılıq əldə olunmaması, ictimai təşəbbüsün baş tutmaması və nəticədə yeni seçkilərə gedilməsi kimi qiymətləndirilir. Lakin bu variantın siyasi sabitlik baxımından arzuolunan olmadığı bildirilir. Bəzi ehtimallara görə, hətta müxalif düşərgədə olan bəzi deputatların da prosesə dəstək verməsi və ya mövqeyini dəyişməsi nəticəsində konstitusiya referendumunun keçirilməsi mümkündür. Ümumilikdə isə bu prosesin uzanması daha çox Ermənistanın öz daxili siyasi vəziyyətinə mənfi təsir göstərə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az