Ukraynanın Rusiya dərinliklərinə hücumları: Moskva zəifləyir, yoxsa müharibə uzanır? — Şəhla Cəlilzadə

10 İyun 2026 22:16 (UTC+04:00)

"Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi hücumlar getdikcə intensivləşir. Xatırladaq ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsinə dair Qərbin tətbiq etdiyi məhdudiyyət 2025-ci ilin oktyabrında aradan qaldırılıb. Bu isə ötən ilin sonlarından etibarən Rusiyanı tükəndirməyə yönəlmiş mübarizənin daha geniş miqyas almasına şərait yaradıb. Həmin dövrdən sonra Ukrayna Rusiyanın enerji və hərbi-strateji infrastrukturuna ardıcıl və ciddi zərbələr endirməyə başlayıb. Açıqlanan məlumatlara əsasən, bu hücumlar nəticəsində Rusiyada ildə 1 milyon tondan artıq neft emal edən 33 ən böyük müəssisədən 25-i hədəfə alınıb və müəyyən ziyan görüb. Strateji əhəmiyyət daşıyan Krım körpüsü də bir neçə dəfə hücuma məruz qalıb. Bununla belə, Rusiya zədələnmiş obyektlərin bərpasını sürətlə həyata keçirir və nə hərbi təminat zəncirində ciddi fasilə yaranır, nə də müharibənin maliyyələşdirilməsində mühüm rol oynayan enerji ixracı dayanır. Məsələn, son illərdə Rusiyanın neft ixracının həcmi demək olar ki, dəyişməyib, eyni zamanda alternativ marşrutlar və bazarlar formalaşdırılıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ukrayna son günlər Krımı Rusiya ilə birləşdirən quru və dəmir yolu xətlərinə ardıcıl dron hücumları edib. Nəticədə logistik infrastrukturda ciddi pozuntular yaranıb. Rusiya hərbi rəhbərliyi bu vəziyyət fonunda strateji marşrutlardan birinin müvəqqəti bağlanmasına qərar verib. Eyni zamanda, Ukrayna qüvvələrinin Mariupol limanına da zərbələr endirdiyi bildirilir. Məlumata görə, liman hərbi logistika və müxtəlif yüklərin daşınması üçün istifadə olunurdu. Rusiya Müdafiə Nazirliyi isə müxtəlif regionlar üzərində 14 idarəolunan aviasiya bombası və yüzlərlə kamikadze dronunun zərərsizləşdirildiyini açıqlayıb, həmçinin Ukraynaya məxsus bir hərbi dəniz obyektinin hədəfə alındığını bildirib.

Siyasi şərhçinin sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların real təsirinin nə dərəcədə effektiv olduğu barədə daha dolğun mənzərə 2026-cı ilin sonu və ya 2027-ci ildə formalaşacaq.

"Doğrudur, Rusiyanın cəbhədə irəliləyiş tempi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bununla belə, Ukrayna ərazisinin təxminən 20 faizi hələ də Rusiya nəzarəti altındadır. Hazırkı vəziyyət Rusiyanın daha çox nəzarətə götürdüyü əraziləri əlində saxlamağa üstünlük verdiyini göstərir. Ukrayna isə öz növbəsində işğal altındakı torpaqlarını geri qaytarmaq məqsədilə mübarizəni davam etdirir. Lakin bu istiqamətdə həlledici uğurlar əldə olunduğunu söyləmək çətindir. Bu gün Ukraynanın Krımda yerləşən tarixi “1854–1855-ci illər Sevastopolun müdafiəsi” abidəsini vurması istər-istəməz diqqəti tarixi proseslərə yönəldir. Təxminən 300 il Osmanlı hakimiyyəti altında olmuş, tarixən türk əhalisinin yaşadığı Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra Qərb dövlətləri Osmanlıya bu ərazini geri qaytarmaq üçün dəstək verməyə çalışsalar da, nəticə uğurlu olmayıb. Krım uğrunda Osmanlı ilə Rusiya arasında bir neçə dəfə müharibə baş verib. 1854–1855-ci illərdəki müharibə isə Osmanlı dövlətinin Qərb ölkələrindən ilk dəfə böyük həcmdə borclanmasına səbəb olub. Hətta həmin borclar Osmanlı imperiyası süqut etdikdən sonra belə qalaraq, onun hüquqi varisi olan Türkiyə Cümhuriyyəti tərəfindən yalnız 1954-cü ildə tam ödənilib. Başqa sözlə, nəticə yüz illərlə davam edən borclanma yükü və itirilmiş ərazilər olub. Bu gün Ukraynanın da müəyyən mənada oxşar tarixi proseslə üzləşdiyi qeyd olunur. Qərb qarşısında borc yükü getdikcə artan Ukraynanın müharibədən tam qələbə ilə çıxmasının çətin olduğu barədə fikirlər səsləndirilir. Münaqişənin sona çatacağı təqdirdə Ukraynanın əsas uğurlarından biri NATO və Avropa İttifaqına inteqrasiya ola bilər. Lakin Qərb dövlətlərinin mövqeyi bu perspektivin tam reallaşacağı ilə bağlı müəyyən suallar yaradır. Müşahidə olunan əsas məqamlardan biri isə ondan ibarətdir ki, Qərb dövlətləri Rusiya ilə rəqabətdə üçüncü tərəflərdən istifadə siyasətini davam etdirmək niyyətində görünürlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az