“"Qlobal enerji bazarlarında geosiyasi balansın dəyişdiyi, enerji təhlükəsizliyi və yaşıl keçidin beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrildiyi bir şəraitdə Azərbaycan özünü yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, həm də regional və qlobal enerji əməkdaşlığını təşviq edən etibarlı tərəfdaş kimi təsdiqləyib. Azərbaycanın enerji sahəsində bugünkü uğurlarının əsası 1990-cı illərin ortalarında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi strateji kurs nəticəsində qoyulub. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və onun ardınca reallaşdırılan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində vurğuladığı kimi, məhz həmin dövrdə formalaşdırılan enerji strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsində həlledici rol oynayıb. Bu il iyulun 13-də istismara verilməsinin 20 illiyi qeyd olunacaq BTC kəməri yalnız enerji layihəsi deyil, həm də regional əməkdaşlıq və enerji təhlükəsizliyinin uğurlu nümunəsi kimi qiymətləndirilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, Azərbaycan son onilliklərdə həyata keçirdiyi strateji enerji siyasəti sayəsində regionun əsas enerji mərkəzlərindən birinə çevrilib. Ölkənin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələr həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.
Deputatın sözlərinə görə, Xəzər hövzəsini Aralıq dənizi ilə əlaqələndirən bu strateji marşrut Azərbaycanın dünya enerji bazarındakı rolunu gücləndirib, eyni zamanda sonrakı illərdə həyata keçirilən iri enerji layihələri üçün mühüm təməl formalaşdırıb.
"Hazırda Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Avropanın enerji təhlükəsizliyini Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir. TANAP, TAP və digər strateji layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı statusunu daha da gücləndirib. Bununla yanaşı, ölkənin enerji siyasətində yaşıl enerji istiqaməti də xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycanın quruda 135 giqavat, dənizdə isə 157 giqavat həcmində qiymətləndirilən bərpaolunan enerji potensialı bu sahədə geniş imkanlar yaradır. Hazırda ölkənin müxtəlif bölgələrində yaşıl enerji layihələri həyata keçirilir. Mingəçevirdə yeni elektrik stansiyasının istifadəyə verilməsi, Cəbrayılda günəş enerjisi layihələrinin icrası, işğaldan azad edilmiş ərazilərdə günəş panellərinin quraşdırılması bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi isə regionun enerji inkişafında yeni mərhələ formalaşdırıb. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, gələn ilin sonunadək ölkənin günəş və külək enerjisi üzrə generasiya gücü 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılacaq. Bu göstəricilər Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payının əhəmiyyətli dərəcədə artacağını göstərir. Azərbaycan eyni zamanda regionun yaşıl enerji mərkəzinə çevrilmək istiqamətində fəaliyyətini genişləndirir. Hazırda dörd yaşıl enerji dəhlizi üzrə işlər davam etdirilir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə layihələr Xəzər regionundan Avropaya uzanan yeni enerji marşrutlarının formalaşmasına xidmət edir. Bundan əlavə, Azərbaycan-Qazaxıstan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiyanın yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılmasına yeni imkanlar yaradır. 2024-cü ildə Bakıda keçirilən COP29 konfransı da Azərbaycanın qlobal iqlim gündəliyində rolunu daha da gücləndirdi. Tədbir çərçivəsində qəbul edilən qərarlar enerji keçidinin sürətləndirilməsi, yaşıl maliyyələşmənin genişləndirilməsi və iqlim fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Bakı Enerji Həftəsində çıxışında vurğulayıb ki, ölkələr təbii resurslara sahib olmalarına görə deyil, həmin resurslardan əldə etdikləri gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycan enerji gəlirlərini infrastrukturun inkişafına, sosial rifahın yüksəldilməsinə, insan kapitalına və yaşıl iqtisadiyyatın qurulmasına yönəltməklə bu yanaşmanı praktikada nümayiş etdirir. Bu gün Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkə olsa da, uzaqgörən enerji siyasəti, uğurlu diplomatiya və regional əməkdaşlıq sayəsində Avropa ilə Asiya arasında strateji enerji körpüsünə çevrilib. Ənənəvi enerji resursları ilə bərpaolunan enerji mənbələri arasında balans yaradan ölkə qlobal enerji təhlükəsizliyinin təmin olunmasına və enerji keçidinin sürətləndirilməsinə mühüm töhfə verməyə davam edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az