Merts Ukrayna üçün Aİ-də xüsusi status təklif edib

11 İyun 2026 17:35 (UTC+04:00)

Almaniya kansleri Fridrix Merts Ukraynanın Avropa İttifaqına tam üzvlüyə qədər keçid mərhələsi kimi “assosiativ üzvlük” statusu əldə etməsini təklif edib.

O, Bundestaqda çıxışı zamanı bildirib ki, belə bir model çərçivəsində Ukraynanın Brüsseldə öz nümayəndəsi – avrokomissarı olmalıdır.

Ukraynanın səsvermə hüququ olmayan avrokomissarı təklif olunur

Mertsin fikrincə, Ukrayna nümayəndəsi hələlik səsvermə hüququ olmadan Avropa Komissiyasında təmsil oluna bilər.

“Bu, Ukraynanın Avropa Şurasının və nazirlər şuralarının iclaslarında müntəzəm iştirakını nəzərdə tutardı. Ukraynalı komissar – hələlik portfelsiz və səsvermə hüququ olmadan – Kiyevin Brüsseldəki siması olardı. Ukraynalı deputatlar da hələlik səsvermə hüququ olmadan Avropa Parlamentinin işində iştirak edə bilərdilər”, – deyə Almaniya kansleri bildirib.

Ukraynanın Aİ institutlarına inteqrasiyası sürətləndirilməlidir

Merts hesab edir ki, Ukrayna islahatların gedişi və Avropa İttifaqının meyarları nəzərə alınmaqla qısa müddətdə bəzi Aİ institutlarına inteqrasiya edilməlidir.

Onun sözlərinə görə, bu model Ukraynanın Avropa strukturlarına yaxınlaşmasını sürətləndirə bilər.

Zelenski təklifə etiraz edib

Mertsin “assosiativ üzvlük” ideyası ilk dəfə may ayında səsləndirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu yanaşmanı ədalətsiz hesab etdiyini bildirib. Onun fikrincə, səsvermə hüququ olmadan Avropa İttifaqında iştirak etmək Ukraynanın ikinci dərəcəli status alması anlamına gələrdi.

Zelenski vurğulayıb ki, Ukrayna tələb olunan şərtləri yerinə yetirdikdən və Avropanın təhlükəsizliyinə verdiyi töhfələr nəzərə alındıqdan sonra söhbət yalnız tamhüquqlu üzvlükdən getməlidir.

Avropa Komissiyası təşəbbüsü müzakirəyə açıq sayır

Avropa Komissiyası Mertsin təklifini rədd etməyib və bildirib ki, Avropa İttifaqının gələcək genişlənməsi ilə bağlı bütün təşəbbüslər üzv dövlətlər arasında müzakirə oluna bilər.

Bununla yanaşı, Brüsseldə vurğulanıb ki, üzvlük və inteqrasiyanın yeni formaları ilə bağlı qərarlar Avropa İttifaqı liderləri tərəfindən və mövcud genişlənmə siyasəti çərçivəsində qəbul edilməlidir.

Mövsüm,

AzNews.az