"ABŞ-nin İrana münasibətdə əsas strateji məqsədi ölkədə siyasi dəyişikliklərə nail olmaq və Tehranın siyasətinə təsir imkanlarını genişləndirməkdir. Onun sözlərinə görə, Vaşinqtonda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, İran siyasətinin əsas istiqamətləri ciddi şəkildə dəyişmir. Müxtəlif dövrlərdə İrana qarşı fərqli təzyiq mexanizmlərindən istifadə olunub. Bəzən terrorizmə dəstək iddiaları, bəzən İsrailin təhlükəsizliyi, son dövrlərdə isə nüvə proqramı ilə bağlı narahatlıqlar Tehran üzərinə təzyiqlərin əsaslandırılması üçün irəli sürülüb. ABŞ və İsrailin son addımları İrana siyasi təzyiqi artırmağa hesablanıb. Lakin İran öz növbəsində beynəlxalq hüquqa əsaslanaraq təhlükəsizliyini qorumaq hüququna malik olduğunu bildirir və bu mövqedən çıxış edir. Regionda gərginliyin artması enerji bazarlarına və qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər. Xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya enerji daşımalarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu marşrutda hər hansı riskin yaranması beynəlxalq bazarlarda qeyri-sabitliyi artırır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, ABŞ ilə İran arasında artan gərginlik beynəlxalq diqqət mərkəzindədir. Vaşinqtonun Tehrana qarşı məhdud hərbi addımları regionda vəziyyətin kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırsa da, hələlik genişmiqyaslı müharibə riski yaranmayıb. Tərəflər qarşılıqlı təzyiq siyasətini davam etdirsə də, açıq və uzunmüddətli qarşıdurmadan çəkinirlər. Vəziyyətin gələcək inkişafı isə siyasi, strateji və regional amillərdən asılı olaraq formalaşacaq.
Siyasi şərhçi bildirib ki, ABŞ daxilində Yaxın Şərq siyasəti ilə bağlı fərqli yanaşmalar mövcuddur və qarşıdan gələn siyasi proseslər Vaşinqtonun qərarlarına təsir edə bilər.
"Bu baxımdan Ağ Ev bir tərəfdən İrana təzyiq göstərməyə çalışsa da, digər tərəfdən gərginliyin nəzarətdən çıxmamasında maraqlıdır. Hazırda tərəflər arasında həm hərbi, həm siyasi, həm də diplomatik mübarizə paralel şəkildə davam edir. Mövcud vəziyyətin tammiqyaslı müharibəyə çevrilməsi heç bir tərəfin maraqlarına uyğun deyil. Buna görə də yaxın dövrdə təzyiq siyasəti ilə yanaşı diplomatik kanalların da açıq saxlanılması daha real görünür. Yaxın Şərqdə baş verən proseslər təkcə İran və ABŞ münasibətləri ilə məhdudlaşmır. Burada regional güclərin, enerji marşrutlarının və qlobal geosiyasi maraqların toqquşması müşahidə olunur. Bu səbəbdən bölgədəki hər bir hadisə beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına təsir göstərmək potensialına malikdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az