"İranın əsas hərbi gücü quru qoşunları üzərində cəmlənib” - Ədalət Verdiyev

11 İyun 2026 21:39 (UTC+04:00)

"Real vəziyyətdə ABŞ, İsrail və İran arasında münasibətlər kifayət qədər gərgin olaraq qalır və qarşılıqlı ittihamlar davam edir. ABŞ daha çox İranla bağlı məsələlərin danışıqlar masası üzərində həllinə üstünlük versə də, İsrail öz milli və təhlükəsizlik maraqları çərçivəsində İrana qarşı daha sərt və intensiv hərbi addımların atılmasının tərəfdarı kimi çıxış edir. Hazırkı mərhələdə ABŞ-nin həyata keçirdiyi məhdud zərbələr İranın hərbi potensialını tam şəkildə sıradan çıxarmağa və Tehranın kapitulyasiya xarakterli şərtləri qəbul etməsinə gətirib çıxarmır. Eyni zamanda, Vaşinqtonun dəfələrlə səsləndirdiyi mümkün razılaşma və sülh perspektivləri də hələlik real nəticə verməyib. Bununla belə, mövcud qarşıdurmanın Yaxın Şərq və Körfəz regionu çərçivəsindən kənara çıxacağı ehtimalı aşağı qiymətləndirilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik mühiti yenidən gərgin mərhələyə daxil olub. İsrail və İran arasında mövcud olan kövrək atəşkəsin pozulması ehtimalı regionda genişmiqyaslı hərbi qarşıdurma riskini artırır. Tərəflər arasında qarşılıqlı ittihamlar, hərbi hazırlıqlar və regional aktorların prosesə cəlb olunması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Ekspertlərin fikrincə, mümkün eskalasiya yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq, həm enerji bazarlarına, həm də Cənubi Qafqaz da daxil olmaqla daha geniş coğrafiyanın təhlükəsizliyinə təsir göstərə bilər.

Ekspert qeyd edib ki, İranın münaqişəni genişləndirmək marağı olsa da, bunun üçün zəruri hərbi və logistik imkanların məhdud olduğu bildirilir.

"Son aylarda Tehranın regional davranışları onun bəzi müttəfiqləri ilə münasibətlərini zəiflədib, eyni zamanda potensial rəqib və ya opponentlərin sayını artırıb. Bu şəraitdə münaqişənin regiondan kənara çıxaraq beynəlxalq miqyas alması və İranın Yaxın Şərq hüdudlarından kənarda uzunmüddətli hərbi əməliyyatlar aparması şübhəli görünür. İranın qonşu ölkələr ərazisinə müəyyən zərbələr endirməsi mümkün olsa da, bu, uzunmüddətli hərbi dinamikanı təmin etmək üçün kifayət etmir. Digər tərəfdən, İranın logistik imkanları da məhdud olaraq qalır. Hörmüz boğazı ətrafında mümkün gərginlik ssenarilərində tərəflərin qarşılıqlı dəniz nəzarəti imkanları ciddi şəkildə məhdudlaşa bilər. Bu da münaqişənin genişlənmə ehtimalını azaldan amillərdən biri kimi qiymətləndirilir. Nəticə etibarilə, regional müttəfiqlərin birbaşa hərbi müdaxiləsi ehtimalı aşağıdır və onların rolu daha çox siyasi, mənəvi və texniki dəstək səviyyəsində qala bilər. Ümumilikdə isə Yaxın Şərqdə qüvvələr balansı ciddi dəyişikliklərə məruz qalır. ABŞ-nin həyata keçirdiyi əməliyyatlar İranın hərbi imkanlarına təsir göstərsə də, bu proses Vaşinqtonun ümumi hərbi potensialına nisbətən məhdud xarakter daşıyır. İran isə xüsusilə hava qüvvələri və hava hücumundan müdafiə sistemləri baxımından itkilərlə üzləşib, dəniz qüvvələrinin də zəiflədiyi bildirilir. Hazırkı vəziyyətə əsasən, İranın əsas hərbi gücü quru qoşunları üzərində cəmlənib, lakin onların əməliyyat aktivliyi də məhdud görünür. Beləliklə, ümumi dinamika İranın regiondakı güc mövqeyinin zəifləməsi fonunda inkişaf edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az