Açıqlamada bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İranın cənubundakı bir sıra hədəflərə qarşı həyata keçirilən hücumlar cavabsız qalmayacaq.
Qərargahın bəyanatında qeyd olunub: “Terrorçu ABŞ ordusunun hər cür təcavüzünə qətiyyətli cavab veriləcək”.
Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusu ikinci bildirişə qədər Hörmüz boğazından gəmi keçidlərinin dayandırıldığını elan edib.
Bildirilib ki, boğaza yaxınlaşmaq “düşmənlə əməkdaşlıq” kimi qiymətləndiriləcək. Həmçinin Basra körfəzi və Oman dənizində lövbər salmış gəmilərə mövqelərini tərk etməmələri barədə xəbərdarlıq edilib.
Məlumata görə, 10 iyun tarixində “Well Sail” adlı neft tankeri 353 min barel neft məhsulu ilə İrandan Birləşmiş Ərəb Əmirliklərinə yollanarkən boğazdan keçib.
Bu gün isə “Lucky Chem” adlı tanker Pakistandan İraqa hərəkət edərkən boş vəziyyətdə Hörmüz boğazını keçərək körfəzə daxil olub.
Beləliklə, son iki gün ərzində boğazdan cəmi iki ticarət gəmisinin keçdiyi bildirilir.
Məlumatlara görə, hazırda Hörmüz boğazındakı ticarət gəmi trafiki müharibədən əvvəlki səviyyə ilə müqayisədə 90 faizdən çox azalıb.
Qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan boğazdan münaqişədən əvvəl gündə orta hesabla 130 gəmi keçirdi. Hazırkı vəziyyət isə son həftələrin ən aşağı göstəricilərindən biri hesab olunur.
Mövsüm,
AzNews.az