Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iki seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və müvafiq materialları prokurorluğa göndərib.
AzNews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, qərar MSK-nın növbədənkənar iclasında qəbul olunub.
Məntəqələrdən biri Aqarak şəhərində (Sünik vilayəti), digəri isə paytaxt İrəvanın Nubaraşen rayonunda yerləşir.
"Hər iki məntəqədə seçki günü, artıq səsvermə başa çatdıqdan sonra hərbi qulluqçuların toplaşması müşahidə olunub", - deyə MSK sədri Vaaqn Ovakimyan növbədənkənar iclasda bildirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkisi iyunun 7-də keçirilib. İlkin nəticələrə əsasən, seçkidə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası qalib gəlib.
İkinci yeri Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku, üçüncü yeri isə eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku tutub. Hər üç siyasi qüvvə parlamentdə təmsil olunmaq hüququ qazanıb.