Avropanın yeni nəsil döyüş təyyarəsinin hazırlanması layihəsində İsveç gözlənilmədən əsas oyunçulardan birinə çevrilə bilər.
Məlumata görə, "Saab" ilə əməkdaşlığa yalnız Almaniya deyil, həm də Fransa maraq göstərir.
Mənbələrin bildirdiyinə görə, Avropanın altıncı nəsil qırıcı proqramı hesab edilən FCAS layihəsində yaşanan çətinliklər səbəbindən alternativ əməkdaşlıq variantları nəzərdən keçirilir.
Əvvəllər İsveç Almaniya üçün “ehtiyat plan” kimi qiymətləndirilsə də, indi oxşar ssenarinin Fransa tərəfindən də nəzərdən keçirildiyi bildirilir.
Son illərdə Paris və Stokholm arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın nəzərəçarpacaq dərəcədə artdığı qeyd olunur.
Ekspertlər hesab edirlər ki, "Dassault Aviation" ilə "Saab" arasında mümkün tərəfdaşlıq artıq əvvəlki kimi qeyri-real görünmür.
Məlumata görə, son bir il ərzində "Saab" ilə "Airbus" arasında həm pilotlu qırıcıların, həm də yeni nəsil pilotsuz platformaların hazırlanması ilə bağlı məsləhətləşmələr aparılıb.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, nə Almaniya, nə də İsveç hazırda müasir döyüş təyyarələri üçün mühərriki tam müstəqil şəkildə hazırlamaq imkanına malik deyil.
Fransanın "Dassault Aviation" şirkəti isə dəfələrlə bəyan edib ki, yeni döyüş təyyarələrinin hazırlanması üçün bütün zəruri texnologiyalara malikdir.
Şirkət buna nümunə kimi "Dassault Rafale" proqramını göstərir. Rafale layihəsi xarici tərəfdaşların iştirakı olmadan həyata keçirilmiş və Fransa hərbi aviasiyasının əsas platformalarından birinə çevrilmişdir.
Mövsüm,
AzNews.az