Xanəndəmiz mükafatlandırılıb

25 Sentyabr 2013 18:57 (UTC+04:00)
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə keçirilən Muğam müsabiqəsinin diplomantı olan gənc xanəndə Rəna Mehmanqızının (Qafarova) ifa etdiyi mahnı beynəlxalq müsabiqədə mükafatlandırılıb.

R.Mehmanqızı açıqlamasında bildirib ki, ifa etdiyi "Dərdimin dərmanı" adlı lirik mahnı Türkiyədə keçirilən Beynəlxalq Bəstəkarlar Müsabiqəsində mükafata layiq görülüb:

"Gənc bəstəkar Rübail Əzimov müəllifi olduğu bu mahnını oxumağımı təklif etdi və mahnını dinlədikdən sonra çox bəyəndim. "Dərdimin dərmanı" adlanan mahnını ifa etdim və çox uğurlu oldu. Mahnının sözlərinin müəllifi də bəstəkara məxsusdur".

Gənc xanəndə onu da qeyd edib ki, "Dərdimin dərmanı" mahnısına klip çəkdirmək fikrindədir:

"Gənc prodüser Rauf Sahiboğlu təklif etdi ki, bu mahnıya klip çəkilsin. Mahnını klip çəkilməsi üçün tanınmış rejissor Nail Naiboğluna həvalə edəcəyəm. Onun işlərini izləmişəm, çox bəyənmişəm. Amma Nail Naiboğlu mahnı üçün çəkdiyi video çarx "Lider" telekanalında yayımlanan "Klip parad" verilişində dəfələrlə nümayiş olunub".

Xalq mahnılarımızı və muğamlarımızı tar və kamançanın müşayiəti ilə ifa etməyə davam edəcəyini deyən gənc xanəndə böyük muğam ustadlarıyla yanaşı, estrada mahnılarını da dinlədiyini bildirib. O, bu sahədə bəyəndiyi müğənnilərin olduğunu söyləyib.

Qeyd edək ki, bir çox xarici səfərlərdə, müxtəlif televiziya və konsert proqramlarında çıxışları olan R.Mehmanqızı muğam dərslərini Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldığı dövrlərdə Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynovadan və Milli Konservatoriyada təhsil aldığı dövrlərdə isə Azərbaycanın Əməkdar müəllimi Qəzənfər Abbasovdan öyrənib. (Qafqazinfo)