İran üçün "Son zəng"

12 İyun 2026 11:31 (UTC+04:00)

Fikir ayrılıqlarına düşən ABŞ–İsrail müttəfiqliyinin İranla növbəti qarşılıqlı hücum kampaniyası müharibənin budəfəki fazasını bitirmək üçün “son zəng” kimi izah oluna bilər.
ABŞ və İran arasında gərginlik iyunun 8-də Oman sahillərində ABŞ helikopterinin vurulması ilə pik həddə çatdı.
Bu hadisəyə cavab olaraq ABŞ qüvvələri iyunun 9-da İranın cənubundakı 20-yə yaxın hərbi hədəfi vurdu. Qarşıdurmanın davamı olaraq İran ordusu ABŞ-ın Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazalarına raket və PUA-larla hücum təşkil etdi.
Budəfəki atəşkəs reqlamentini pozan tərəfin İran olması diqqət çəkir. İran hesab edir ki, onun əlində əvvəllər aktivləşdirməyi planlaşdırmadığı üç ciddi təzyiq vasitəsi yaranıb:
- Hörmüz boğazında gəmilərin hərəkətinə mane olmaq;
- Körfəzdəki ərəb ölkələrinin neft infrastrukturunu hədəfə almaq;
- Yaxın Şərqdəki proksi qüvvələrini toparlamaq.
Tehran bu kontekstləri böyüdərək ABŞ ilə danışıqların perspektivini maksimal qazanc əldə etmək vasitəsinə çevirir.
Bunun üçün güc tətbiq edərək Hörmüz boğazı üzərində nəzarəti möhkəmləndirməyi qarşıya məqsəd qoyur.
Paralel olaraq İran Yaxın Şərqdəki müqavimət oxunun əsas dayağı olan "Hizbullah"ın İsrailə qarşı hücumlarından istifadə edir. İran Tehranın çəkindirici qüvvələrinin mərkəzi sütunu kimi "Hizbullah"ın əhəmiyyətini sübut etməyə çalışır.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı eskalasiyanın genişlənməsi siqnallarını versə də, sonradan kurs dəyişikliyinə getdi. Burada ABŞ-ın konkret nəyi hədəflədiyini müəyyən etmək mürəkkəb olsa da, Ağ Ev strategiyasının Tehran qarşısında strateji məğlubiyyətə olacağı mümkünsüz görünür.
İranın informasiya kampaniyası və ABŞ-ın rəsmi mövqeyindəki kəskin yanaşmadan daha yumşaq rejimə keçməsi onu göstərir ki:
- Budəfəki İran–ABŞ qarşıdurması tərəflərin tammiqyaslı müharibəyə girmədən güzəştlər üçün kalibrlənmiş güc tətbiqinə əsaslanırdı.
Hər iki tərəfin cari güc tətbiqi məhdud əməliyyatlar olaraq genişmiqyaslı müharibəyə qayıtmamaq üçün aparılmış qiymətləndirmələrə söykənirdi. Ancaq tərəflər hələ də münasibətləri daha sakit və konstruktiv detallar üzərində quracaq razılığa gəlməkdən uzaqdır.
Bu xüsusda ABŞ-nin İranla nüvə dosyesi üzrə razılaşma əldə etməsi çətinləşir. Tehranın son hücumları ABŞ-ın İranın nüvə proqramı ilə bağlı tələb və şərtlərini danışıqların predmetinə çevirməməsinə yönəlmiş kalibrlənmiş addım idi.
Ancaq bu kartın istifadəsi İranı bir neçə əlavə təhdiddən sığortalamır. İran hələ də ölkə daxilində həm elitadakı rəqabət fonunda daxili siyasi uyğunsuzluqdan, həm də dərin köklü iqtisadi və sosial problemlərdən əziyyət çəkir.
ABŞ və İsrail Tehranın daxili problemlərini idarə etmək qabiliyyətini məhdudlaşdırmaq üçün kəşfiyyat strategiyasını dəyişə bilər.
Digər tərəfdən, ABŞ və İsrail "Hizbullah"ı İran relsindən ayırmağa yönəlmiş fərqli və sensasion kurs başlada bilər. Bu, uzunmüddətli strategiya üçün hesablanmış konsepsiya kimi strateji oyunun bir hissəsinə çevrilə bilər.
Aqşin Kərimov,
Siyasi təhlilçi