Əziz qardaşım və sirdaşım Özgür bəy!
Əminəm ki, bu xitabım Sizi təəccübləndirəcək.
Axı biz heç zaman həyatda üz-üzə gəlməmiş, heç zaman ünsiyyətdə olmamışıq.
“Bu necə qardaşlıq, bu necə sirdaşlıqdır” deyə hər kəs, - o cümlədən Siz - sual verə bilər və bu sual haqlıdır.
Ancaq mənim düşüncəmdə qardaşlıq eyni ata və ananın övladı olmaq, sirdaşlıq başqalarından gizli saxlanılan hər hansı məlumatları paylaşmaq demək deyil.
Mənim nəzərimdə, qardaşlıq eyni ideallara inanmaqdır, qan yaxınlığından əvvəl əqidə və vicdan yaxınlığıdır.
Sirdaşlıq eyni həqiqəti bilməkdir.
İnsanlığın ən böyük sirri və həqiqəti isə azadlıq- Özgürlükdür!!!
Bu sirrə vaqif olmaq istəyən insanlar bir-birini tanımasalar da, eyni yolun yolçusu, eyni hədəfin fədakarlarıdırlar.
Azadlıq idealına sahib insanlar fərqli dövrlərin insanları, fərqli ölkələrin vətəndaşları ola, fərqli dillərdə danışa, fərqli talelər yaşaya bilərlər. Lakin onların daxili inamları eynidir: insan ləyaqəti və azadlığı hər cür maddi nemətdən və maddi nemətlərə sahib olmaq imtiyazından daha dəyərlidir.
Özgürlük!- bu kəlimənin tarixdə ilk dəfə kimin pıçıldadığını biz bilmirik. Yəqin ki, o bir qul idi. Bəlkə də o qul ağlına gələn bu ideyanın arxasınca heç getməmiş, yaxud zəncirlərini qıraraq özü də quldar olmaq istəmişdi. Bunu da bilmirik. Amma onu bilirik ki, “tarix” dediyimiz insanların dəyərlər uğrunda mübarizə keçmişinə məna verən məhz bu ideyadır.
Cocuqlar üçün fantastik əsərlər qələmə alan alman yazıçısı Mixail Ende deyirdi ki, həyatdakı ən böyük sirr zamandır. Heç də fantastik olmayan zamanın ən böyük sirri isə budur ki, onun tarixə çevrilməsi üçün bəzən kiçik hadisələr uzun vədədə böyük dəyişikliklər yaradır.
Bu gün Sizin- qardaş Türkiyənin qurucu partiyası CXP-nin lideri olaraq başınıza gələnlər, əslində tarix üçün kiçik hadisədir. Lakin elə bir hadisədir ki, o, mütləq böyuk dəyişikliklərin açarı olacaq. Odur ki, çox əminliklə söyləyirəm: Siz bir türk demokratı olaraq zamana yön verirsiniz. CXP başqanı postundan hüquqa zidd şəkildə uzaqlaşdırılmağınız bəlkə də kimlərəsə uğursuzluq kimi görsənə bilər. Lakin tarix deyir ki, cari zamanda uğursuz görünən hallar gələcəyin dönüş nöqtəsinə çevrilə bilər. Sizi həbs edə bilərlər, siyasət üçün gərəkli resurslardan məhrum edə bilərlər. Siz lap önünüzdəki seçkiləri basqılar altında uduza da bilərsiniz. Ancaq bir siyasi lider cəmiyyətin azadlıq şüurunu bir azca irəli aparıbsa, tarix onun adını mütləq qaliblər siyahısına yazır. Çünki tarix, bəzən iddia edildiyi kimi, qaliblərin yazdığı kitab deyil, insanların unutmaq istəmədiyi həqiqətlərdir.
Bu sözləri yazaraq Sizi dolayısı ilə həbs olunacaq, gələcək seçkiləri uduzacaq lider kimi təsvir və təsəvvür etmək istəmirəm. Tam əksinə, Sizi Türkiyənin yeni onilliklərinin əsas siyasi siması hesab edirəm. Lakin dünya tarixi bizə deyir ki, əslində məğlub və ya qalib olan insanlar deyil. Zəfər də, yenilgi də ideyalara məxsusdur. Özgürlük isə məhz o ideyadır ki, bəzən qana boyanır, bəzən zindana atılır, bəzən qorxu qarşısında geri çəkilir, bəzən populyarlıq qazanaraq hər kəsin dilinə düşür, amma heç zaman məğlub olmur.

Azərbaycan xalqının şanlı qəhrəmanı Babək 22 illik bir savaşdan sonra ərəb xəlifəsinə əsir düşdü, Abbasilərin paytaxtı Samirə şəhərində amansızlıqla öz cəlladına edam etdirildi. Edam anında qılıncla kəsilmiş biləyinin qanı ilə üzünü boyadı. O qılıncın oğulları bu dünyada çoxdur, amma biləyinin qanını üzünə boyamış Babəkin azadlıq idealını Sizin kimi bir dövlətin qüdrətinin qorxu yaratmaq qabiliyyətində deyil, azad vətəndaşa etibar etmək cəsarəti gösrərənlər yaşadır.
Qədim yunanlarda "eleutheria" anlayışı vardı. Onlar üçün azadlıq kölə olmamaq və şəhər-dövlətin siyasi həyatında iştirak etmək hüququ idi. Orta əsrlər insanlara öyrətdi ki, kral da, kəndli də, zəngin də, yoxsul da eyni Yaradanın yaratdığı varlıqlardır. Beləcə azadlıq siyasi status olmaqdan çıxıb insan ləyaqətinin əsas məzmununa çevrilmək istədi. Daha sonra Roma siyasi düşüncəsindəki "libertas" anlayışına dönüş edildi. İnsanlar anladılar ki, azadlıq yalnız zəncirlərin olmaması deyil, müxtəliflik yaratmaq və müxtəliflikləri müdafiə etmək imkanıdır. Bu imkana sahib olmaq və başqalarını da bu imkana sahib etmək üçün liderlər bir məqamda keçmişlə hesablaşmalıdırlar. Bu gün mən Sizin timsalınızda vaxtı ilə islam aləmində modernləşmənin avanqardı Mirzə Fətəli Axundzadənin İstanbula apardığı latın əlifbasına keçid təşəbbüsünə qarşılıq verə bilməyən bir sistemdən qopuşun yenilikçi təzahürlərini görürəm. Axundzadə əlifba islahatlarını Osmanlıya 19-cu yüzilin ikinci yarısında təklif etmişdi, onun ideyasını Mustafa Kamal Atatürk 1928-ci ildə gerçəkləşdirdi.
Bu olay bir daha təsdiq edir ki, tarix mahiyyət etibari ilə ideyalarla bağlı mübahisələr keçmişidir. Bu mübahisədə qalib gələnlər zamanın ruhunu daha düzgün oxuyanlar olur. Zamanın ruhunu düzgün oxuyanların həyatı isə, onların özlərinə məxsus olmur. Zaman onlara bəlli bir missiya yükləyir. Belə insanlar artıq öz şəxsi uğurlarının və ya uğursuzluqlarının çərçivəsindən çıxırlar. Onlar zamanı qabaqlayan ideyaların daşıyıcısına çevrilirlər. Mən bu gün Sizin siyasi fəaliyyətinizə də məhz bu prizmadan baxıram. Sizin adınız Özgür, missiyanız Özgürlükdür. Bu kəlimənin gücü hər dövrdə özünə uyğun şəkildə mübarizə yaratmasıdır.
Bir zamanlar bu mübarizə daşla aparılırdı. Sonra qələmlə aparıldı. Daha sonra qəzetlərdə, universitet auditoriyalarında, parlament tribunalarında davam etdi. Bu gün isə azadlığın ən böyük meydanı insan düşüncəsidir. Hər bir vətəndaşın öz ləyaqətinə, öz hüquqlarına və öz iradəsinə sahib çıxmasıdır. Bu gün Siz ortaya bir iradə qoymusunuz. Bəlkə də gələcək nəsillər bu günləri başqa cür xatırlayacaqlar. Onlar bu günlərin özünü deyil, bu günün yaradacağı nəticələri görəcəklər. Ancaq əmin olduğum bir həqiqət var: insan ləyaqətinə və azadlığına xidmət edənlər tarixin hər zaman doğru tərəfində olurlar. Siz isə sadəcə tarixin doğru tərəfində deyilsiniz, tarixin doğru tərəfini yaradan bir isimsiniz. Sizinlə qürur duyuram!
Hörmətlə,
Taleh ŞAHSUVARLI