"Fermerlərə göstərilən dəstək daha da genişləndirilib” - Aydın Hüseynov

12 İyun 2026 21:43 (UTC+04:00)

"Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və dövlət proqramlarının icrası istiqamətində növbəti mərhələyə qədəm qoyulur. Bu sahəyə göstərilən diqqət təsadüfi deyil. Kənd təsərrüfatı həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, həm də bölgələrdə məşğulluğun artırılmasında mühüm rol oynayır. Son illər dövlət tərəfindən fermerlərə göstərilən dəstək daha da genişləndirilib. Subsidiyalar, güzəştli kreditlər, müasir texnika ilə təminat və müxtəlif təşviq mexanizmləri kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradıb. Məqsəd fermerlərin işini asanlaşdırmaq, istehsalın həcmini artırmaq və məhsulların keyfiyyətini yüksəltməkdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Qeyd edək ki, kənd təsərrüfatı ölkənin iqtisadi inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Son illər bu istiqamətdə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi aqrar sektorun inkişafına yeni imkanlar açıb. Məhz bu fonda aqrar məhsuldarlığın artırılması, mövcud resurslardan daha səmərəli istifadə və istehsalın genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır.

Deputatın sözlərinə görə, aqrar məhsuldarlığın yüksəldilməsi kənd təsərrüfatı sahəsində qarşıda duran əsas vəzifələr sırasında yer alır.

"Bunun üçün torpaq ehtiyatlarından səmərəli istifadə olunması, müasir əkinçilik üsullarının tətbiqi və yeni texnologiyalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər də bu məqsədə xidmət edir. Su ehtiyatlarından səmərəli istifadə məsələsi hazırkı dövrdə daha da aktuallaşıb. İqlim dəyişiklikləri və su resurslarının məhdudluğu hər bir damcı suya daha məsuliyyətlə yanaşmağı tələb edir. Buna görə də müasir suvarma sistemlərinin tətbiqi, su itkilərinin azaldılması və mövcud su mənbələrinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Bu tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafına, fermerlərin gəlirlərinin artmasına və bölgələrin sosial-iqtisadi inkişafına töhfə verir. Qarşıya qoyulan məqsəd kənd təsərrüfatını daha məhsuldar, daha rəqabətqabiliyyətli və müasir tələblərə cavab verən sahəyə çevirməkdir. Dövlət bundan sonra da aqrar sahənin inkişafını diqqət mərkəzində saxlayacaq, fermerlərin fəaliyyətini dəstəkləyən layihələrin icrasını davam etdirəcək. Bu istiqamətdə əldə olunacaq nəticələr həm kənd təsərrüfatının inkişafına, həm də ölkənin ümumi iqtisadi potensialının güclənməsinə xidmət edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az