“Akademik göstəriciləri yüksək olan şagirdi kolleclərə yönləndirmək məqsədə uyğun deyil” - Ramin Nurəliyev

12 İyun 2026 21:46 (UTC+04:00)

"9-cu sinfi bitirən şagirdlərin buraxılış imtahanlarının nəticələrinə əsasən kolleclərə, həmçinin ümumi orta təhsil haqqında şəhadətnamədəki qiymətlərə uyğun olaraq peşə təhsili müəssisələrinə qəbul prosesi həyata keçirilir. Hesab edirəm ki, şagirdlərin kolleclərə və ya peşə təhsili müəssisələrinə yönləndirilməsi məcburi deyil, könüllü xarakter daşımalıdır. Bu barədə valideynlər ətraflı məlumatlandırılmalı, onların razılığı alındıqdan sonra müvafiq qərar verilməlidir. Şəxsi fikrimə görə, akademik göstəriciləri yüksək olan və gələcəkdə ali təhsil almaq potensialına malik şagirdlərin 9-cu sinifdən sonra kolleclərə və ya peşə təhsilinə yönləndirilməsi hər zaman məqsədəuyğun deyil. Çünki bu seçim gələcəkdə onların peşə və ixtisas seçim imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Məsələn, sonradan fərqli sahə üzrə təhsil almaq istəyən şagird müəyyən çətinliklərlə üzləşə bilər. Kollec və ya peşə təhsili müəssisəsinə qəbul olan şagird artıq 10 və 11-ci siniflərdə təhsilini davam etdirmir və seçdiyi istiqamət üzrə irəliləyir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, son illərdə sosial şəbəkələrdə bəzi ümumtəhsil məktəblərində 9-cu sinif şagirdlərinin təhsil seçiminə təsir göstərilməsi ilə bağlı müzakirələr geniş yer alır. İddialara görə, buraxılış imtahanlarında zəif nəticə göstərən bəzi şagirdlər 10-cu sinfə davam etmək əvəzinə kollec və ya peşə təhsili müəssisələrinə yönləndirilirlər. Səsləndirilən fikirlərə əsasən, belə halların əsas səbəbi məktəblərin 11-ci sinif üzrə ali təhsil müəssisələrinə qəbul statistikasını yüksək saxlamaq istəyi ilə əlaqələndirilir. Bildirilir ki, bəzi təhsil müəssisələri aşağı nəticə göstərə biləcək şagirdlərin qəbul göstəricilərinə təsir etməməsi üçün onların fərqli təhsil istiqamətlərinə yönəlməsini təşviq edirlər.

Ekspert bildirib ki, bu səbəbdən şagirdin gələcək təhsil yolu ilə bağlı qərar qəbul edilərkən valideynlər, müəllimlər və şagirdlərin özləri məsələyə məsuliyyətlə və diqqətlə yanaşmalıdırlar.

"Əgər şagirdin tibb, hüquq və ya digər nüfuzlu sahələr üzrə ali təhsil almaq potensialı varsa, onun 10 və 11-ci siniflərdə təhsilini davam etdirməsi və daha sonra ali məktəbə qəbul imtahanı verməsi daha məqsədəuyğundur. Təəssüf ki, bəzi hallarda şagirdlərin imkanları və maraqları tam nəzərə alınmadan belə istiqamətləndirmələr həyata keçirilir ki, bu da onların gələcək karyerasına mənfi təsir göstərə bilər. Bu baxımdan valideynlərin rolu xüsusi əhəmiyyət daşıyır. Uşağın gələcək peşə və ixtisas seçimi ilə bağlı qərar ilk növbədə ailə ilə birgə düşünülmüş şəkildə verilməlidir. Əgər valideynlər və şagird ali təhsil almağı hədəfləyirlərsə, 9-cu sinifdən sonra təhsilin məktəbdə davam etdirilməsi daha uyğun seçim ola bilər. Əksinə, müəyyən peşəyə erkən yiyələnmək istəyən və ya akademik istiqamətdə davam etmək imkanları məhdud olan şagirdlər üçün peşə təhsili və kolleclər uğurlu alternativ hesab oluna bilər. Hazırda məktəb rəhbərliyi və ya müəllimlər tərəfindən şagirdlərin məcburi şəkildə kolleclərə və ya peşə təhsili müəssisələrinə yönləndirildiyinə inanmıram. Belə bir yanaşma doğru olmazdı. Bu məsələdə şagirdin arzusu və valideynin razılığı əsas götürülməlidir. Hər hansı təhsil müəssisəsinin öz statistik göstəricilərini yaxşılaşdırmaq məqsədilə şagirdləri məcburi şəkildə müəyyən istiqamətə yönləndirməsi qəbuledilməzdir. Əgər belə hallar baş verirsə, bu, şagirdin gələcəyinə mənfi təsir göstərən yanlış yanaşmadır. Heç bir məktəb rəhbərliyi və ya müəllim şagirdə və ya valideynə təzyiq göstərməməlidir. Təhsil və peşə seçimi ilə bağlı qərar yalnız şagirdin maraqları, qabiliyyəti və gələcək hədəfləri nəzərə alınaraq verilməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az