“Nəsillərarası fərqlər insanlıq tarixi qədər qədimdir” – Naib Niftəliyev

12 İyun 2026 22:19 (UTC+04:00)

"Nəsillər arasında fərqlərin və ziddiyyətlərin qabardılması yeni bir məsələ deyil. Əslində, bu mövzu insanlıq tarixinin ən qədim dövrlərindən müzakirə olunur. Hətta qədim Misir papiruslarında belə yaşlı nəslin gənclərdən narazılığı ilə bağlı fikirlərə rast gəlinir. Bu isə göstərir ki, nəsillərarası fərqlər hər dövr üçün xarakterik olan təbii bir prosesdir. Zaman dəyişdikcə həyat şəraiti, sosial münasibətlər və texnologiyalar da dəyişir. Hər bir dövr özünəməxsus insan və vətəndaş tipi formalaşdırır. Bu baxımdan X, Y və Z nəsilləri arasında fərqli yanaşmaların, dünyagörüşlərinin və davranış modellərinin olması tamamilə təbiidir. Əgər qədim dövrlərdə insanların həyatına daha çox təbiət amili təsir edirdisə, sonrakı mərhələlərdə sənayeləşmə, daha sonra isə rəqəmsallaşma və informasiya texnologiyalarının inkişafı cəmiyyətin strukturunu ciddi şəkildə dəyişdirdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, müasir dövrdə müxtəlif nəsillərin dünyagörüşü, həyat tərzi və prioritetləri arasındakı fərqlər daha aydın hiss olunur. Xüsusilə “X”, “Y” və “Z” nəsillərinin əmək fəaliyyətinə yanaşması, ailə dəyərlərinə münasibəti və sosial davranışları arasında nəzərəçarpacaq fərqlər mövcuddur. Daha ənənəvi düşüncə tərzi ilə formalaşmış nəsillərlə dəyişən dünyanın tələblərinə uyğunlaşan gənc nəsil arasında baxış ayrılıqları müşahidə edilir. Bu fərqlər bəzən ailə münasibətlərində, iş mühitində və cəmiyyətin müxtəlif sahələrində fikir ayrılıqlarına səbəb olur. Eyni zamanda, sosial və mədəni dəyərlərin zamanla yenilənməsi nəsillərarası münasibətlərin formalaşmasına birbaşa təsir göstərən əsas amillərdən biri kimi çıxış edir.

Sosioloq bildirib ki, yeni texnologiyaların inkişafı, avtomatlaşdırma proseslərinin genişlənməsi və qloballaşma insanların düşüncə tərzinin, həyat prioritetlərinin və əmək münasibətlərinin dəyişməsində mühüm rol oynayıb.

"İnformasiyaya çıxış imkanlarının genişlənməsi də mühüm amillərdən biridir. Müasir dövrdə insanlar istənilən məlumatı daha sürətli və rahat əldə edə bilir, problemlərin həllində daha çevik üsullara üstünlük verirlər. Bu isə yalnız texnoloji deyil, həm də sosial transformasiyanın göstəricisidir. Bu gün nəsillər arasındakı fərqlərin daha qabarıq görünməsinin əsas səbəblərindən biri texnologiyanın inkişaf sürətidir. Əvvəllər dəyişikliklər daha tədrici baş verirdisə, indi rəqəmsallaşma, süni intellekt, sosial şəbəkələr və yeni kommunikasiya vasitələri qısa müddətdə həyat tərzini dəyişdirir. Nəticədə fərqli nəsillərin baxışları və davranışları arasında müəyyən fərqlərin yaranması qaçılmaz olur. Bununla belə, hər yeni nəsil haqqında səsləndirilən narahatlıqlar tarix boyu təkrarlanıb. Məsələn, bu gün Z nəslinin dəyərləri ilə bağlı müxtəlif tənqidi fikirlər səslənsə də, həmin nəslin nümayəndələri Vətən müharibəsində göstərdikləri fədakarlıq və qəhrəmanlıqla cəmiyyət qarşısında öz məsuliyyətlərini və potensiallarını nümayiş etdirdilər. Bu fakt göstərir ki, texnologiyalara bağlılıq və ya fərqli həyat tərzi heç də milli dəyərlərdən uzaqlaşmaq anlamına gəlmir. X nəsli daha çox ənənəvi dəyərlərə bağlı hesab olunur. Bunun səbəbi onların daha qapalı informasiya mühitində formalaşması ilə bağlıdır. Y və xüsusilə Z nəsli isə internet, smartfonlar və rəqəmsal texnologiyalarla böyüyən nəsildir. Buna görə də onların özünüifadə imkanları, fərdi azadlıq anlayışları və ünsiyyət formaları daha genişdir. Lakin burada dəyərlərin tam dəyişməsindən deyil, transformasiyasından danışmaq daha doğru olar. Dəyərlər zamanın tələblərinə uyğun olaraq yeni məzmun qazanır. Məsələn, əvvəllər uzaq görünən onlayn işləmək və məsafədən gəlir əldə etmək imkanları bu gün reallığa çevrilib. COVID-19 pandemiyasından sonra hətta yaşlı nəsillər də rəqəmsal texnologiyaların üstünlüklərini daha yaxından hiss etdilər. Texnologiyanın inkişafı ilə birlikdə fərdiyyətçilik meyilləri də güclənib. İnsanlar sosial şəbəkələr vasitəsilə fikirlərini daha sərbəst ifadə edir, öz maraqlarını və həyat tərzlərini daha açıq şəkildə nümayiş etdirirlər. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Bir tərəfdən fərdi azadlıqlar genişlənir, digər tərəfdən isə informasiya bolluğu və sosial media təsirləri yeni çağırışlar yaradır. Müasir dövrdə gender bərabərliyi, ekoloji məsuliyyət, insan hüquqları və rəqəmsal vətəndaşlıq kimi anlayışlar da yeni məna qazanır və xüsusilə gənc nəsillərin dünyagörüşündə mühüm yer tutur. Sosioloji baxımdan nəsillər arasındakı fərqlər hər zaman mövcud olub və gələcəkdə də olacaq. Lakin əsas məsələ bu fərqləri qarşıdurma mənbəyi kimi deyil, müxtəlif təcrübə və baxışların zənginliyi kimi qəbul etməkdir. İnformasiya əsrində ən vacib məsələ fərqli nəsillər arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Düşünürəm ki, nəsillər arasındakı fərqlər artsa belə, bu, cəmiyyət üçün böhran yaradacaq səviyyədə deyil. Hər nəslin öz funksiyası və missiyası var. Yaşlı nəsil təcrübəni və ənənələri qoruyur, gənc nəsil isə yeniliklərin və dəyişikliklərin əsas daşıyıcısına çevrilir. Texnologiyalar sadəcə bu proseslərə yeni çalarlar qatır və onları daha rəngarəng edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az