"Üçbaşlı mafiya sadə bir səbəbdən heç nə edə bilməz. Bu səbəb isə odur ki, o, xalqın dəstəyinə malik olmayıb, sahib deyil və heç vaxt sahib olmayacaq".
Aznews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Əksinə, xalq açıq şəkildə üçbaşlı mafiyanın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu, qaçılmaz olaraq baş verməlidir. Yeri gəlmişkən, kaluqalının əsas kuklası olan Serji (Serj Sarkisyan - red.) unutmamışıq və unutmayacağıq. Ona görə də panikaya düşüb çantalarınızı yığmağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb. Bu gün isə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hava limanından ölkəni tərk etməyə cəhd etməsi ilə bağlı xəbərlər yayılıb.