Hikmət Hacıyev və Armen Qriqoryan Dilicanda nəyi müzakirə etdilər? - TƏHLİL

15 İyun 2026 00:00 (UTC+04:00)

Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.

İnanmaq çətindir, amma həqiqətdir.

O da həqiqətdir ki, görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş cəhdlər çərçivəsində ikitərəfli (!- T.Ş) dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Növbəti görüş Azərbaycanda keçiriləcək.

Azərbaycan və Ermənistan mediasında sürətlə yayılan bu informasiya bizə nə deyir?
İlk növbədə onu deyir ki, Azərbaycan və Ermənistan arasındakı diplomatik münasibətlər "müharibədən sonrakı güc diplomatiyası" çərçivəsindən çıxıb və "idarə olunan sülh diplomatiyası" mərhələsinə daxil olub.

Amma bu məqamda daha bir sual meydana çıxır.

Azərbaycan və Ermənistan arasında kifayət qədər etimad varmı?

Əlbəttə, yoxdur. Doğrusu, ortada heç “Sülh müqaviləsi” də yoxdur. Deməli, bu müqavilənin imzalanması üçün rəsmi Bakı və rəsmi İrəvan "institusionallaşmamış etimad diplomatiyası"ndan istifadə edirlər. Ona görə istifadə edirlər ki, etimad institutlaşsın və sülh müqaviləsinə çevrilsin.

Etiraf olunmalıdır ki, hər iki tərəf üçün ağıllı gedişdir.

Bu cür təmaslar vasitəsi ilə rəsmi Bakı və rəsmi İrəvan "strateji narrativ diplomatiyası" qurur.
Nəticədə həm bizim, həm də Ermənistan cəmiyyətinin təhlükəsizlik təsəvvürləri dəyişir, regionun gələcəyi barədə ortaq məxrəclər yaranır.

Bu məqamda iki vacib yanaşma var.Birincisi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan üçün strateji üstünlükdür.

İkincisi, Ermənistan beynəlxalq miqyasda tanınmış sərhədlərindən kənarda ərazi iddialarından əl çəkir və bu üstünlüyünü diplomatik masaya daşıyır.

Bu cür masaları əvvəllər “supergüclər” qurardı.

Aylarla, illərlə və böyük minnətlə danışıqlar baş tutar, amma axrda elə bir nəticə hasiıl olmazdı.

Əsas nüans: Azərbaycan və Ermənistan arasında elə bir ikitərfli görüş yoxdur ki, onun konkret nəticəsi olmasın.

Bu fakt onu onu göstərir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı sülhə xidmət edən müəyyən qədər ortaq təsəvvürlər formalaşıb.

İndi ortaq gələcək təsəvvürləri vətəndaş cəmiyyətinə daşınmalı, qarşılıqlı etimad hər iki tərəfdə müxtəlif təbəqələrə yayılmalıdır. Başqa sözlə, Azərbaycan və Ermənistan arasında münasibətlər dövlət təhlükəsizlik modelindən insan mərkəzli sülh modelinə keçməlidir.

Bu baxımdan həqiqətən ciddi problemlər var. Öz adımdan danşıram: mən Ermənistanın xarici himayədarları ilə birgə Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzü bağışlayanlardan deyiləm. Lakin onu da anlayıram ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə bu dünyada ən çox elə Azərbaycan və Ermənistan xalqlarına zərər verir. İndi, görünür, əvvəlcə mənim kimi düşünənləri inandırmaq lazımdır.

Bu konteksdə mənim xüsusi nigarançılığım yoxdur. Prezident İlham Əliyevə tam güvənirəm. Onun yeni regional təhlükəsizlik modeli ilə bağlı düşüncələrini birmənalı şəkildə qəbul edirəm. Elə bu səbəbdən də Hikmət Hacıyevin və Armen Qriqoryanın timsalında strateji kommunikasiya aktorlarının təmaslarına regional təhlükəsizlik dialoqları baxımından hər zaman müsbət yanaşmışam. Müasir münaqişələrdə təhlükəsizlik maraqlarının uzlaşdırılmasının və diplomatik inteqrasiyasının əhəmiyyətini anlamamaq nə bizim üçün faydalıdır, nə də ermənilər üçün.


Fəqət bir məqamı da unutmaq olmaz. Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun uzun illər regionu geosiyasi rəqabət məkanına çevirmiş müxtəlif xarici aktorlar üçün də yeni reallıq yaradır. Çünki Bakı ilə İrəvan danışmağa başladıqca, başqalarının bizim əvəzimizə danışmaq imkanları azalır. Məhz buna görə də, yeni mərhələdə sülh prosesi sınaqlarla qarşılaşa bilər. Etimadsızlığın yenidən körüklənməsi, köhnə qorxuların və stereotiplərin siyasi dövriyyəyə qaytarılması cəhdləri mümkündür. Tarix göstərir ki, münaqişələrin həllindən narahat olan qüvvələr sakit dayanmayacaq.

Ancaq görünən odur ki, Bakı və İrəvan artıq keçmişin girovu olmaqdan daha çox gələcəyin müəllifi olmaq istəyirlər. Əgər bu iradə qorunub saxlanılarsa, Cənubi Qafqazın təhlükəsizliyi region dövlətlərinin öz seçimi olacaq. Bu halda isə bölgənin gələcəyini müəyyən edən əsas amil uzaq paytaxtlarda hazırlanan ssenarilər deyil, Bakıda və İrəvanda qəbul edilən birgə qərarlar olacaq.

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının baş redaktoru