Şuşa Bəyannaməsi: Sarsılmaz birlik və qardaşlıq nümunəsi

15 İyun 2026 12:47 (UTC+04:00)

2021-ci il iyunun 15-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı bu tarixi sənəd iki qardaş ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirərək müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Bəyannamə siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədin ən mühüm müddəalarından biri isə hərbi əməkdaşlıqla bağlıdır. Belə ki, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı hər hansı təhdid və ya təcavüz halında qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilməsi öz əksini tapmışdır.
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni və mühüm mərhələnin başlanğıcı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etməzdən əvvəl NATO-nun Brüssel sammitində iştirak etmiş, burada keçirdiyi yüksək səviyyəli görüşlər zamanı Türkiyənin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirmişdi. Məhz belə bir dövrdə onun Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birlikdə Bəyannaməni imzalaması xüsusi siyasi məna daşıyırdı. Bu sənəd 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqların təsdiqi olmaqla yanaşı, Türkiyənin Cənubi Qafqazda mühüm geosiyasi aktor kimi mövqeyini daha da gücləndirdi.
Bəyannamənin imzalanmasından sonra dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış edərək iki qardaş ölkənin gələcək əməkdaşlıq istiqamətlərini açıqladılar. Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin Azərbaycana hərtərəfli dəstək göstərəcəyi xüsusi vurğulandı. Eyni zamanda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, Zəngəzur dəhlizinin açılmasının regional inkişaf üçün əhəmiyyəti qeyd olundu. Şuşa Bəyannaməsi həm dost ölkələrə Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını nümayiş etdirdi, həm də regionda sabitliyi pozmağa çalışan qüvvələrə ciddi mesaj verdi. Sənədin əsas mahiyyəti ondan ibarətdir ki, iki dövlət bundan sonra da bir-birinin təhlükəsizliyini, suverenliyini və milli maraqlarını birlikdə qorumaqda qətiyyətli olduqlarını bütün dünyaya bəyan etdilər.
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı