Yaponiya ABŞ-İran razılaşmasını dəstəkləyən bəyanata QOŞULUR

15 İyun 2026 20:00 (UTC+04:00)

Yaponiya ABŞ və İran arasında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanı alqışlayan dörd Avropa ölkəsinin birgə bəyanatına qoşulmağa hazırdır.

AzNews.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi Fransada keçirilən G7 sammitinə gedərkən jurnalistlərə açıqlamasında məlumat verib.

"Kyodo" agentliyinin məlumatına görə, Yaponiya hökumətinin başçısı sözügedən razılaşmanı münaqişənin gərginliyinin azaldılması istiqamətində "böyük bir addım" kimi dəyərləndirib. "Bizdən bu prosesdə iştirak etməyimiz xahiş edildi və biz də müsbət cavab verdik", - deyə S.Takaiçi vurğulayıb.

Baş nazir ABŞ Prezidentinin cümə günü imzalanacağını elan etdiyi anlaşma memorandumunun qətiyyətlə həyata keçirilməsinin vacibliyini qeyd edib. O, həmçinin gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsinin beynəlxalq sabitlik üçün kritik əhəmiyyət kəsb etdiyini bildirib.

S.Takaiçi əlavə edib ki, Yaponiya nüvə silahının yaratdığı fəlakətləri yaşamış bir ölkə olaraq, İranın nüvə silahı hazırlamasına qəti şəkildə qarşıdır və bu istiqamətdə beynəlxalq nəzarət mexanizmlərini dəstəkləyir.