Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Görüş zamanı Əraqçi ABŞ və İran arasında aparılan danışıqlara verdiyi töhfəyə görə Türkiyəyə təşəkkür edib.
Hakan Fidan əldə olunan razılaşmadan məmnunluğunu ifadə edərək, prosesin yekun mərhələsinin də uğurla başa çatacağına ümid etdiyini bildirib. O, razılaşmanı pozmağa yönəlmiş mümkün təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.
Bu arada Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında sülh sazişi əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, tərəflər bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırılması barədə razılığa gəliblər. Rəsmi imza mərasiminin 19 iyun tarixində İsveçrədə keçiriləcəyi gözlənilir.
Şərif danışıqların uğurla nəticələnməsində Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının rolunu xüsusi qeyd edərək onlara təşəkkür edib.
ABŞ Prezidenti Donald Tramp da İranla razılaşmanın yekunlaşdığını bəyan edib. O bildirib ki, bununla birlikdə Hörmüz boğazı tam şəkildə açılacaq və ABŞ-ın tətbiq etdiyi dəniz blokadası dərhal ləğv olunacaq.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də razılaşmanı təsdiqləyərək bildirib ki, memorandumun imzalanmasından sonra 60 gün ərzində sanksiyalar, nüvə proqramı və iqtisadi əməkdaşlıq kimi məsələlər üzrə danışıqlar davam etdiriləcək. O əlavə edib ki, Livan da daxil olmaqla müxtəlif cəbhələrdə hərbi əməliyyatların dayandırılması da razılaşmanın əsas hissələrindən biridir.
Mövsüm,
AzNews.az