“Fermerlərin maliyyəyə çıxışı zəifdir, bu da məhsuldarlığı azaldır” – Akif Nəsirli

15 İyun 2026 23:12 (UTC+04:00)

"Kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasının əsas iqtisadi səbəblərindən biri torpaq sahələrinin xırda və pərakəndə olmasıdır. Kiçik təsərrüfatlarda müasir texnologiyaların tətbiqi və istehsalın səmərəli təşkili daha çətin olduğundan istehsal xərcləri artır, məhsuldarlıq isə aşağı qalır. Digər mühüm səbəb maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır. Bir çox fermerlər güzəştli kreditlərə, investisiya vəsaitlərinə və sığorta mexanizmlərinə kifayət qədər çıxış əldə edə bilmədikləri üçün yeni texnika, keyfiyyətli toxum və müasir istehsal üsullarından istifadə etməkdə çətinlik çəkirlər.

Suvarma sistemlərinin köhnəlməsi və su ehtiyatlarından səmərəsiz istifadə də məhsuldarlığa mənfi təsir göstərir. Su çatışmazlığı və ya qeyri-effektiv suvarma məhsul itkisinə səbəb olur və istehsalın həcmini azaldır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda kənd təsərrüfatı xüsusi yer tutur. Bu sahə həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Son illərdə aqrar sektorun inkişafına dair müxtəlif dövlət proqramları həyata keçirilir, məqsəd isə məhsuldarlığın artırılması, istehsalın modernləşdirilməsi və idarəetmədə səmərəliliyin yüksəldilməsidir. Bununla belə, kənd təsərrüfatı sahəsində mövcud olan struktur problemlər, torpaqdan istifadə səmərəliliyi, suvarma sistemləri, texniki təminat və bazarlara çıxış kimi məsələlər hələ də aktual olaraq qalır.

A. Nəsirli qeyd edib ki, texniki təminatın zəif olması da vacib amillərdən biridir.

"Kənd təsərrüfatı texnikasının çatışmazlığı və ya köhnə olması əkin, becərmə və yığım proseslərinin vaxtında həyata keçirilməsinə mane olur ki, bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Fermerlərin bazarlara çıxış imkanlarının məhdudluğu da iqtisadi problemlər yaradır. Məhsulun satışında vasitəçilərdən asılılıq, logistika xərclərinin yüksək olması və saxlanma infrastrukturunun kifayət qədər inkişaf etməməsi istehsalçıların gəlirlərini azaldır və investisiya imkanlarını məhdudlaşdırır. Bundan əlavə, aqrar sahədə innovasiya və biliklərin tətbiq səviyyəsinin aşağı olması, elmi nailiyyətlərin və müasir idarəetmə metodlarının kifayət qədər yayılmaması da məhsuldarlığın artımını ləngidən əsas iqtisadi amillər sırasındadır. Nəticədə mövcud resurslardan tam səmərəli istifadə olunmur və kənd təsərrüfatının inkişaf potensialı tam reallaşmır".

Rəfiqə Namazəliyeva,

AzNews.az