Estoniya ilə Rusiya arasındakı sərhəd-keçid məntəqəsində Rusiyaya keçmək istəyənlərin yaratdığı böyük növbə yaranıb.
Məlumata görə, Estoniyanın Narva şəhəri tərəfində növbə xeyli uzanaraq şəhərin girişindəki məşhur Narva nişanına qədər çatıb. Keçid məntəqəsinin yaxınlığındakı dayanacaqda isə onlarla avtomobil gözləyir.
Bildirilir ki, iyunun 15-dən etibarən sərhəd-keçid məntəqəsinin iş vaxtı dörd saat azaldılıb. Yeni qrafikə əsasən, piyadaların keçidi hər gün Bakı vaxtı ilə saat 06:00-dan 18:00-dək həyata keçirilir. Əvvəlki rejimdə məntəqə saat 22:00-dək fəaliyyət göstərirdi.
Mütəxəssislər növbələrin yaranmasını yay mövsümü ilə əlaqələndirirlər. Məktəblilərin tətilə çıxması və insanların məzuniyyət dövrünə başlaması sərnişin axınının artmasına səbəb olub.
Rusiya tərəfindəki sərhəd-keçid məntəqəsinin isə əvvəlki qaydada fəaliyyət göstərdiyi, gömrük və sərhəd prosedurlarının normal qaydada davam etdiyi bildirilir.
Mövsüm,
AzNews.az