"Hazırda tərəflər arasında sülhdən danışmaq mümkün deyil. Mövcud vəziyyət daha çox kövrək və müvəqqəti xarakter daşıyan atəşkəs kimi qiymətləndirilə bilər. Buna görə də ABŞ və İran arasında davamlı sülhün formalaşacağı barədə indidən qəti fikir söyləmək tezdir. Hazırkı atəşkəsin uzunmüddətli sülhə çevrilib-çevrilməyəcəyi böyük ölçüdə İranın gələcək davranışından asılı olacaq. Həm Vaşinqtonda, həm də region ölkələrində İrana qarşı ciddi etimadsızlıq mövcuddur. Bu səbəbdən istənilən gözlənilməz hadisə və ya təxribat atəşkəsin pozulmasına gətirib çıxara bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli deyib.
Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurmanın aradan qaldırılmasına yönəlmiş mühüm razılaşmanın əldə olunduğu bildirilir. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib. Onun sözlərinə görə, tərəflər sülh sazişinin əsas müddəaları üzərində ortaq məxrəcə gəliblər və hazırda sənədin son texniki detallarının tamamlanması prosesi davam edir. Baş nazir qeyd edib ki, əldə olunan razılaşmanın rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrə ərazisində keçirilməsi nəzərdə tutulur.
Siyasi şərhçi qeyd edib ki, tərəflər arasında həqiqi və davamlı sülhün əldə olunması həm regionda, həm də qlobal miqyasda sabitliyin möhkəmlənməsinə və müsbət nəticələrin yaranmasına töhfə verə bilər.
"ABŞ yalnız dünyanın ən böyük hərbi güclərindən biri deyil, eyni zamanda ən böyük iqtisadi və texnoloji potensiala malik ölkələrdən biridir. Vaşinqtonla Tehran arasında münasibətlərin normallaşması bölgədə iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verə, investisiya imkanlarını artıra və ümumilikdə regional rifahın yüksəlməsinə şərait yarada bilər. Bununla belə, belə bir sülhün əldə olunması üçün tərəflər arasında əsas fikir ayrılıqlarının aradan qaldırılması vacibdir. Xüsusilə İranın nüvə proqramı və regiondakı proksi qüvvələrlə bağlı siyasəti uzunmüddətli sülhün qarşısında duran əsas maneələrdən hesab olunur. Bu məsələlər həllini tapmadan dayanıqlı sülhün təmin olunması olduqca çətin görünür".
Rəfiqə Namazəliyeva,
AzNews.az