"Mən ümumilikdə hər iki ölkə arasında təmasların olmasını müsbət qiymətləndirirəm. Məsələlərə yanaşma, xüsusilə də sülh sazişinin yekunlaşdırılması istiqamətində addımların atılması, gərginliyin azaldılması və danışıqların davam etdirilməsi baxımından müəyyən irəliləyişlər müşahidə olunur. Sərhədlərin açılması, kommunikasiya xətlərinin bərpası və digər texniki məsələlər üzrə müzakirələr də bu prosesin tərkib hissəsidir. Bununla belə, hələ də bir sıra fundamental məsələlər üzrə tam razılaşma əldə olunmayıb və tərəflərin mövqeləri arasında fərqlər qalmaqdadır".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda dayanıqlı sülhün təmin edilməsi və qarşılıqlı etimadın formalaşdırılması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilir. Bu dialoqlar iki ölkə arasında mövcud problemlərin dinc yollarla həllinə, əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Bu çərçivədə Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub.
Siyasi şərhçi qeyd edib ki, xüsusilə konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr yeni mərhələyə daxil olub.
"Bildirilir ki, bu dəyişikliklərin parlament yolu ilə qəbul edilməsi çətin görünür və məsələnin referendum vasitəsilə həll olunması ehtimalı gündəmdədir. Eyni zamanda, bu prosesin ictimai dəstək və siyasi legitimlik baxımından da mürəkkəb olduğu qeyd edilir. Referendumun nəticələri isə gələcək addımlar üçün həlledici ola bilər. Əgər dəyişikliklər qəbul olunmazsa, bu, konstitusion səviyyədə müəyyən məsələlərin, o cümlədən qarşılıqlı iddialarla bağlı müddəaların aradan qaldırılmasını da ləngidə bilər. Ümumilikdə isə prosesin uzanması və bəzi məsələlərin hələ də açıq qalması tərəflər arasında etimadın tam formalaşmadığını göstərir. Bu baxımdan, sülh gündəliyinin irəliləməsi üçün daha konkret və qarşılıqlı addımların atılması vacib hesab olunur".
Rəfiqə Namazəliyeva,
AzNews.az