"Diplomun tanınması uğur üçün kifayət etmir" — Məzahir Məmmədli

16 İyun 2026 19:58 (UTC+04:00)

"Bu gün artıq Azərbaycan universitetlərinin məzunları təkcə yerli əmək bazarını təmin edirlərsə, bu, böyük nailiyyət hesab oluna bilər. Lakin mən düşünmürəm ki, Azərbaycan universitetlərini bitirən hər kəs beynəlxalq səviyyəli şirkətlərdə, fabriklərdə və ya müxtəlif beynəlxalq müəssisələrdə işləmək imkanına malik olur. Doğrudur, Azərbaycandan müəyyən beyin axını mövcuddur. Bu proses əsasən dəvət aldıqları ölkələrin tələblərinə uyğunlaşa bilən və özünü inkişaf etdirmiş mütəxəssislər hesabına baş verir. Məsələn, ABŞ və Avropa ölkələrində müxtəlif sahələr üzrə uğur qazanan azərbaycanlı mütəxəssislər var. Xüsusilə həkimlərimizin bir qismi Almaniyada fəaliyyət göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Azərbaycan universitetlərinin diplomlarının xarici ölkələrdə tanınması son illərdə ali təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xaricdə təhsilini davam etdirmək, beynəlxalq şirkətlərdə işləmək və ya peşə fəaliyyətini başqa ölkələrdə qurmaq istəyən gənclər üçün diplomların tanınması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə diplomun qəbul edilməsi yalnız universitetin reytinqi ilə deyil, eyni zamanda tədris proqramlarının keyfiyyəti, beynəlxalq akkreditasiyalar, ikili diplom imkanları və ali təhsil müəssisələrinin xarici universitetlərlə əməkdaşlığı ilə də müəyyən olunur.

Ekspert qeyd edib ki, ümumilikdə beyin axını məsələsi birbaşa Azərbaycan təhsilinin səviyyəsi ilə əlaqələndirilməməlidir.

"Xaricdə uğur qazanan şəxslərin böyük hissəsi ya fərdi inkişaf hesabına irəliləyən, ya da bakalavr təhsilindən sonra magistratura və doktorantura təhsilini xaricdə davam etdirərək özünü inkişaf etdirən insanlardır. Azərbaycan Elm və Təhsil Nazirliyi bir sıra ölkələrlə diplomların qarşılıqlı tanınmasına dair müqavilələr imzalayır və bu ölkələrdə Azərbaycan diplomları rəsmi şəkildə tanınır. Lakin əsas məsələ məzunların həmin ölkələrin əmək bazarına uyğun bilik və bacarıqlara malik olub-olmamasıdır. Son illərdə Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə də müəyyən irəliləyişlər əldə edib. Ölkənin bir neçə ali təhsil müəssisəsi artıq dünya universitetlərinin siyahısında 500–600-cü yerlər aralığında qərarlaşıb. Ümid etmək olar ki, gələcəkdə bu istiqamətdə atılan addımlar daha da genişlənəcək və Azərbaycan universitetlərinin məzunları daha çox beynəlxalq əmək bazarına uyğun kadrlar kimi qəbul olunacaqlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az