Kanadanın Baş naziri Mark Karni bildirib ki, ABŞ Prezidenti Donald Tramp “Böyük Yeddilik” (G7) liderlərinin sammiti zamanı Ukrayna ilə bağlı vəziyyətə daha realist yanaşma nümayiş etdirib.
Karni bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasından sonra beynəlxalq gündəmdə yeni mərhələ yaranıb və bu, Ukrayna məsələsi üzrə müzakirələrdə də özünü göstərir.
Karni qeyd edib ki, Trampın mövqeyindəki dəyişiklik xüsusilə döyüş meydanındakı vəziyyətin qiymətləndirilməsi, müharibənin mümkün nəticələri və Rusiyanın üzləşdiyi itkilərlə bağlı yanaşmada hiss olunur.
“Ukrayna ilə bağlı tonun dəyişməsi, bu müharibənin hansı nəticələrə gətirib çıxardığı barədə daha realist gözləntilərin formalaşması, həmçinin Rusiyaya münasibətdə mövqenin sərtləşdirilməsi – o cümlədən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya əlavə müdafiə dəstəyinin göstərilməsi məsələləri ətraflı şəkildə müzakirə olunub”, – deyə Karni bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Rusiyanı sülh sazişi bağlamağa çağırıb və Rusiya neftinin satışına qarşı sanksiyaların yenidən tətbiq oluna biləcəyini istisna etməyib.
Almaniya kansleri Fridrix Merts də G7 liderləri ilə Tramp arasında keçirilən məsləhətləşmələrdən sonra Rusiya-Ukrayna müharibəsində “sülh üçün ilk imkanın yarandığını” bəyan etmişdi.
Mövsüm,
AzNews.az